İqtisadiyyat

AQTA daha bir ölkəyə məhsulların ixracına məhdudiyyət qoyacağı ilə bağlı xəbərdarlıq edib

Sharing is caring!


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yeni Zelandiyanın təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, AQTA və Yeni Zelandiyanın İlkin Sənaye Nazirliyinin nümayəndələri arasında onlayn görüş olub.

Görüş zamanı agentliyin fəaliyyət istiqamətləri, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Yeni Zelandiyanın nümayəndələrinə ətraflı məlumat verilib. Eyni zamanda, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatlar diqqətə çatdırılıb.

Vurğulanıb ki, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi dövlətlərdə isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Bu çərçivədə Yeni Zelandiyadan heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsi üçün həmin məhsulların istehsal və emal olunduğu qida obyektləri AQTA tərəfindən təsdiq edilməlidir. Görüşdə bu məsələ ilə bağlı müzakirələr aparılıb.

Sonda Yeni Zelandiyanın səlahiyyətli dövlət qurumunun nümayədələrinin nəzərinə çatdırılıb ki, bu ölkədə fəaliyyət göstərən qida obyektləri agentlik tərəfindən təsdiq edilmədiyi halda, yüksək riskli qida və yem məhsullarının idxalına 2023-cü il avqustun 1-dən etibarən məhdudiyyət tətbiq olunacaq. Əlavə olaraq, AQTA-nın müvafiq qərarı barədə Yeni Zelandiyanın səlahiyyətli qurumuna rəsmi məktub ünvanlanıb.

Agentlik ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti dəfə xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.

Xatırladaq ki, ötən gün AQTA bu qayda ilə İranUkraynadan məhsulların idxalına məhdudiyyət qoyacağı barədə xəbərdarlıq yaymışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir