İqtisadiyyat

Mikayıl Cabbarov: “Zəngilan” tankeri neft-qaz layihələrinin uğurla icrasına mühüm töhfədir”

Sharing is caring!


“Zəngilan” tankerinin inşası Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həyata keçirilməsinə, neft-qaz layihələrinin uğurla icrasına və yerli gəmi tikintisi sənayesinin inkişafına mühüm töhfədir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, “Zəngilan” tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb:

“Texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir”.

Xatırladaq ki, mayın 16-da İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti – “Bakı Gəmiqayırma Zavodu” MMC-nin inşa etdiyi “Zəngilan” tankeri suya salınıb. Gəminin konsepsiyası Ukraynanın Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birlikdə hazırlanıb. “Volqa-Don MAX” sinfindən olan bu gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don kanalından keçmək imkanına malikdir.

Tankerin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel (knot) sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 212 kubmetr olan 6 yük çəninə malikdir. Tankerin dedveyti isə 7 875 ton təşkil edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir