İqtisadiyyat

İstiqraz sahiblərinin qazancı altı milyon ABŞ dollarını ötdü

Sharing is caring!


“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilir ki, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının altıncı kupon ödənişi 1 may 2023-cü il tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

Bu barədə SOCAR məlumat yayıb.

Bakı Fond Birjasında yerləşdirildiyi 18 aylıq müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilən yeni SOCAR İstiqrazları altıncı kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 6 milyon 750 min ABŞ dollarına yüksəlib (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək).

Təkrar bazar əməliyyatları həcminin 32 milyon ABŞ dollarını ötməsi, bağlanmış əqd sayının 450-yə yüksəlməsi və ən çox ticarət olunan korporativ maliyyə aləti statusunu qoruyub-saxlaması SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycanda qeydiyyatdan keçmiş bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı düşməyib.

SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 avqust 2023-cü il tarixində baş tutacaq.

Əlavə məlumat üçün “*1999” çağrı nömrəsi ilə əlaqə saxlaya və socarcapital.az, socaristiqraz.az veb-saytlarına müraciət edə bilərsiniz.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1-5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir