İqtisadiyyat

Ekspert: “Bəzi kolbasa və sosislər hansısa yollarla əldə olunmuş məhsullardan istehsal edilir” – FOTO

Sharing is caring!


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosis məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. Nəticələrə əsasən, 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosis) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 uyğunsuzluq məhsulda (3-ü kolbasa, biri sosis) təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosis) etiket məlumatları ilə bağlı olub.

Kolbasalarda bu cür uyğunsuzluqların aşkarlanması istehlakçılarda narahatlıq doğurub. Əksəriyyət həmin kolbasaların sağlamlıq üçün də zərərli olduğunu düşünür.

Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı, ekspert Eldəniz Əmirovun fikrincə, yoxlamaların nəticələrindən aydın olur ki, istehsalçılar istehlakçıları aldadıblar:

“Bu hadisənin sadə dillə açıqlaması belədir. İstehsalçılara ilkin mərhələdə sertifikat təqdim edilir. Onlar ola bilər, sertifikat verilən müddətdə tələblərə cavab verə biliblər. Amma görünür, bundan sonrakı dövrdə göstəricilərin dəyişilməsinə yol verilib. Adətən məhsulun maya dəyərini aşağı salmaq üçün bu cəhdlər edilir. Çünki maya dəyəri nə qədər aşağı olarsa, gəlir də o qədər artır. İstehlakçıları aldatmaq qanun pozuntusudur. Qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq addımlar atılmalı, cəza tədbirləri görülməlidir”.

Uyğunsuzluq aşkarlanan kolbasaların sağlamlıq üçün zərərli olub-olmadığına gəlincə, E.Əmirov bunu dəqiq söyləməyin çətin olduğunu düşünür:

“Birmənalı olaraq, təhlükəli və ya təhlükəsizdir demək doğru olmaz. Amma böyük ehtimal ki, uyğunsuzluq aşkarlanan kolbasalarda sağlamlığa təhlükəli məqamlar da var. Lakin nə dərəcədə təhlükəli olması, keyfiyyət baxımından yüksək olmasa da, gözləntiləri doğrultmasa da, sağlamlıq üçün təhlükəlilik dərəcəsi müvafiq ekspertizanın nəticəsində müəyyənləşdirilə bilər”.

Ətin qiyməti ilə kolbasa və sosislərin qiymətindəki fərq haqqında müzakirələrə də toxunan iqtisadçının sözlərinə görə, belə durumun yaranmasına səbəb kolbasaların təmiz ətdən hazırlanmamasıdır:

“Ətin qiyməti bu qədər baha olduğu təqdirdə, kolbasaların ucuz olmasının cavabı isə hansısa yollarla əldə olunmuş məhsullardan istehsal edilməsidir. Kolbasa və sosislərə qəsdən hansısa bakteriya, virus, zərərli maddələr vurulmur. Ola bilər, ölmüş heyvan ətindən istifadə edilib, müəyyən qatqılar əlavə edilib, alternativ məhsullar qatılır. Bunlar bəzən kolbasanın saxlanma müddətini uzatmaq, müxtəlif dad, ətir vermək, maya dəyərini aşağı salmaq üçün atılan addımlardır. Bu, ciddi ekspertizanın nəticəsində aşkar oluna bilər”.  

Xatırladaq ki, AQTA-nin yoxlamalarının nəticələrinə əsasən,”Səhliyalı” müəssisəsinin yarım hisə verilmiş “Servelat” kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb. “Kəndli”nin bişirilmiş hisə verilmiş kolbasasında üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si müəyyən olunub. “Dilim-Dilim”in bişmiş “Lyubitelskaya” kolbasası, “Əsl Dad”ın bişmiş “Toyuq” kolbasası və bişmiş “Doktorskaya” kolbasasında və “Ovçular” “Külləmə” halal sosisində təhlükəsizlik göstəricilərində uyğunsuzluq təsdiqlənib. “Köhnə Dad” yarım hisə verilmiş “Servelat” kolbasasının üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. “Sevimli Dad” əla növ südlü sosisində üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si müəyyən edilməyib. “Halal 5+” “Sacüstü” halal sosisində üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb. AQTA tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir