İqtisadiyyat

Bank sektorunda vəziyyət təhlükəlidir?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Ölkənin bank sektorunda vəziyyət əslində, əvvəlkitək sabit və qeyri-normal olaraq qalır. Bu o deməkdir ki, sektorun durumu və fəaliyyəti iqtisadiyyatda artım tələblərinə cavab verməsə də, hər halda 2015-ci ildəki devalvasiyalardan sonrakı vəziyyətdə deyil. 

Başqa sözlə, bank sektorunun üzərində hazırda “qara buludlar” yoxdur. Ümumən 25 sayda bank mövcuddur ki, bunların da hər hansı birinin fəaliyyətinin dayandırılacağı təhlükəsi görünmür.

Ancaq ortada bir “xof” yaranıb. O da bundan ibarətdir ki, guya banklar çökəcək və bütövlükdə sistem iflasa uğrayacaq… Bu ilin fevral ayında iki mühüm göstəricinin – əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcminin azalması və problemli kreditlərin, yəni geri qaytarılmalı olan, ancaq vaxtında qaytarılmayan borc vəsaitlərinin məbləğinin artması bunda xüsusən mühüm rol oynayıb. 

Əslində həqiqət nə yerdədir? 

Yaranan xofun xarakterindən hiss olunur ki, əsas səbəb heç də bu deyil və məsələnin kökündə başqa qaynaqlar dayanır. Belə ki, inkişaf etmiş ölkələrin bank sistemlərində yaranmış vəziyyəti, məsələn, dünya iqtisadiyyatının 1 nömrəli aparıcı ölkəsi olan ABŞ-nin bank sistemində ötən ayın üç günü ərzində “Silicon Valley Bank” ilə “Signature Bank”ın iflasa uğraması və sairəni misal çəkmək olar. Hansı ki, bu, birinci üzrə bankrot elan edilməklə, ikincisi üzrə isə bağlanmaqla baş verdi. Adları çəkilən bankların qarşısında əmanətçilər tərəfindən növbə yarandı.

Azərbaycanda belə bir şeyin baş verəcəyi gözlənilmir. Ona görə ki, bizdə bank sistemi ABŞ-dəki və digər inkişaf etmiş ölkələrdəki kimi deyil və banklar azad rəqabət şəraitində fəaliyyət göstərmirlər. Yəni, onların hər hansı birinin bağlanması əslində, vəziyyətindən asılı olmayaraq da baş verə bilər.

Bəs, ölkəmizin bank sistemiylə bağlı bizi qarşıda nə gözləyir? Hər hansısa sürpriz baş verə bilərmi? Əmanətlərin həcminin azalması, problemli kreditlərin məbləğinin artması təhlükədirmi? Bu, davamlı xarakter daşıya bilərmi?

Birincisi, əhalinin əmanətlərinin aşağı düşmə səviyyəsi o qədər çox deyil, bunu faciəyə çevirmək lazım deyil. Söhbət 0,2% azalmadan gedir ki, fevral ayında bunda bir neçə səbəb rol oynayıb. 

Təbii ki, bunlardan birincisi əmanətlər üzrə gəlirdən 10% vergi tutulmasının bərpasıdır. Hansı ki, 7 il idi ki bu qayda aradan götürülmüşdü və bu 7 il ərzində əmanətlər artan dinamika üzrə inkişaf edirdi. 

Sözügedən vergi ona görə götürülmüşdü ki, 2015-ci ildə iki devalvasiyadan sonra ölkənin bank sektoru fəlakətə düçar oldu. Camaat əmanətlərini banklardan geri çəkməyə başladı. Bunun qarşısını almaq lazım gəldiyindən stimullaşdırıcı tədbirlərdən biri kimi məhz depozitlər üzrə gəlir vergisi ləğv olundu. 

İndi bunun bərpası müəyyən əmanət sahiblərində qorxu yaradıb. Halbuki aydın deyil ki, vergi əmanət həcmindən deyil, onun faiz gəlirindən tutulur və bu qayda dünyanın hər yerində mövcuddur.

İkinci səbəbsə odur ki, banklara inamı süni yolla azalmaq təbliğatı yürüdülür. Və bu, ölkə iqtisadiyyatında xaos yaratmaq istəyənlər tərəfindən edilir. Təəssüflər olsun ki, bəziləri də buna uyur. 

Sual edirəm, banklar niyə bağlansın ki? Buna səbəb nə ola bilər? Tutaq ki, bu və ya digər bank bağlandı, o zaman nə baş verəcək? 

Ölkədə bütün banklar üzrə əmanətlər sarıdan sığorta mexanizmi mövcuddur və heç bir bankda kiminsə əmanəti bata bilməz. Belə ki, konkret sığorta qaydaları var və bu qaydalar daxilində istənilən bankdakı əmanət həcmi zəmanətli sayılır. Yəni, əhalinin banklardakı əmanətlərinin fevralda azalmasının səbəbləri sırasında sırf subyektiv amillər durur ki, bu da uzun müddət davam edə bilməz. 

Ancaq obyektiv səbəblər də var təbii ki. O da bundan ibarətdir ki, əhalinin dolanışıq səviyyəsi çətinləşib və məlum bahalaşma ilə inflyasiya prosesi nəticəsində gəlirlərin əvvəlki kimi sərbəst vəsaitlərin formalaşmasına şərait yaratması imkanı aradan qalxıb. Çünki istehlak xərcləri artıb, yığım imkanları daralıb. 

Obyektiv səbəblər sırasında əlbəttə o da var ki, əmanət yerləşdirilməsi də cəlbediciliyini itirib. Vətəndaşlar bunda stimul görmürlər artıq. Banklar isə bu sahədə heç bir yenilik tətbiq etmək niyyətində deyillər.

Problemli kreditlərə gəldikdəsə, girişdə qeyd etdim ki, bank sektorunda vəziyyət 2015-ci ildən sonrakı kimi deyil. Xatırladım ki, sözügedən sektor məhz 2019-cu ildən sonra özünə gəlməyə başladı ki, bunda da qeyd olunan ildə Prezident İlham Əliyev tərəfindən problemli kreditlərə müdaxilə olunması həlledici rol oynadı. 

Lakin sual olunur, problemli kreditlər məgər o zaman birdən-birə yaranmışdımı? Xeyr. Niyə yaranmışdı? Səbəb bəllidir.
Banklar qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən ixracı artırmaq üçün real sektoru maliyyələşdirmək əvəzinə istehlak krediti paylayırdılar. İstehsalı və biznesi deyil, istehlakı kreditləşdirirdilər. Bu isə idxalı stimullaşdırırdı.

Ona görə də xarici iqtisadi şərait pisləşən kimi ölkə iqtisadiyyatında ilk olaraq bank sektoru axsamağa başladı və devalvasiya baş verdi, nəticədə də banklara ödənilməli olan borclar durduğu yerdə kəllə-çarxa yüksəldi. Və beləliklə də, banklar təcili olaraq “süni nəfəs aparatına” qoşulmalı oldular.

Düzdür, hazırda problemli kreditlərin həcmi o dövrdəki səviyyədən xeyli uzaqdır. Ötən ayın əvvəlində bu rəqəm cəmi 606 milyon manat təşkil edib ki, 2019-cu ildə Prezident müdaxilə etməmişdən öncə 2 milyard manat təşkil edirdi. Sözügedən kreditlərin ümumi kredit portfelində də payı real olaraq 3%-dən çox deyil.

Lakin digər məqamlar baxımından, vəziyyət fərqlidirmi? Xeyr.

Çünki əslində, hər şeyi real sektorun tələbi və bazar müəyyən etməli olduğu halda bizdə belə deyil. İqtisadiyyatın real sektoru maliyyələşdirilməli, kreditləşdirmə məhz buna uyğun həyata keçirilməlidir. Bank sektoru ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektoru inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələblərinə cavab verməli olduğu halda, belə deyil. Bunun üçünsə istehlak deyil, biznes və istehsal kreditləşdirilməlidir.

Real vəziyyət isə bundan ibarətdir ki, ölkədə fəaliyyət göstərən bankların maliyyə vəziyyətləri yaxşı olsa da kredit faizləri yüksəkdir, əmanətlər üzrə təklif olunan gəlirlilik səviyyəsi əvvəlkitək cəlbedici deyil, borc vəsaitlərinin verilməsi riskli sayılmaqla yanaşı, bütövlükdə bank sektoru iqtisadiyyatın normal inkişafı və artımı sarıdan müvafiq tələblər üçün çalışmır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir