İqtisadiyyat

Qlobal sarsıntılar şəraitində ehtiyatlı nikbinlik: Azərbaycan iqtisadi inkişaf imkanlarını necə tapır? – FOTO

Sharing is caring!

Beynəlxalq təşkilatlar və ekspertlər qlobal iqtisadiyyatda kəskin yavaşlama və sonrakı dövrlərdə tədricən bərpa olacağını proqnozlaşdırırlar. Belə ki, BMT ekspertlərinin proqnozlarına əsasən, 2023-cü ildə dünya iqtisadiyyatının artımı 1,9% səviyyəsində proqnozlaşdırıldığı halda, ötən il bu rəqəm 3% təşkil edib. Belə zəif artım inflyasiya ilə mübarizə və Rusiya ilə Ukrayna arasında gedən və iqtisadi fəallığa mənfi təsir göstərən müharibə ilə əlaqələndirilir.

Bu məhdudlaşdırıcı faktorlara baxmayaraq, inkişaf perspektivləri daha az qaranlıq görünür və özündə iqtisadi artımın minimum səviyyəyə düşməsi və inflyasiyanın azalması kimi dönüş nöqtəsi də ehtiva edə bilər.

Hazırda inflyasiya təzyiqləri azalmağa başladığı üçün qlobal maliyyə şərtləri yaxşılaşıb. Bu və ABŞ dollarının ötən ilin noyabrındakı ən yüksək həddən ucuzlaşması inkişaf etməkdə olan bazar iqtisadiyyatları üçün müəyyən irəliləyiş təmin edib.

Dünya Bankının (DB) proqnozlarına müraciət etsək, bu il Azərbaycanda iqtisadi artım 2,8% olacaq. Bu isə qlobal iqtisadiyyat üzrə proqnozdan 1,1 faiz bəndi, Avropa və Mərkəzi Asiya (AMA) ilə müqayisədə isə 2,7 faiz bəndi çoxdur. Bundan əlavə, Azərbaycan 2023-cü ildə Avropa və Mərkəzi Asiya regionunda ÜDM-in real artım dinamikasına görə ilk dörd ölkədən biridir.

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın 2023-cü il üçün iqtisadi perspektivləri ilə bağlı gözləntiləri də eynidir, 2,8% səviyyəsindədir.

DB və AİB-dən fərqli olaraq, Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) gözləntilərində daha mühafizəkardır və bu təşkilatlar bu il Azərbaycanda ÜDM-in artım tempini 2,5% səviyyəsində proqnozlaşdırırlar.

Azərbaycan hökuməti isə 2023-cü ildə ÜDM artımını 2,7%, 2024-cü ildə 4,1% səviyyəsində proqnozlaşdırır.

Bəs 2023-cü ilin əvvəlində vəziyyət necədir? Ötən ilin yekunlarına görə, 4,6% ÜDM artımına nail olan ölkədə 2023-cü ilin yanvarında 1,5% azalma olub. Bu, xüsusilə neft-qaz sektorunda hasilatın 4,6% azalması ilə bağlıdır, qeyri-neft-qaz sektorunda isə 1,7% artım olub.

Azərbaycan iri neft-qaz sektoruna malik, ÜDM-nin ən azı 50%-ni və ölkə ixracının 90%-ni məhz bu sahənin təşkil etdiyi inkişaf etməkdə olan iqtisadiyyat olduğundan bu sahədə hasilatın azalması ümumilikdə ÜDM-in artımında da özünü göstərir.

Amma qeyd etmək lazımdır ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatının bərpası (4,6%) qeyri-enerji sektorları hesabına baş verib, iqtisadiyyatın qeyri-karbohidrogen hissəsi xidmətlər və istehsal hesabına 9,1%-lik artım göstərib. Bununla belə, OPEC+ neft hasilat kvotalarına görə məhdud neft hasilatı ilə ümumi ÜDM artımı məhdudlaşıb.

Nəzərə alsaq ki, 2023-cü ilin əvvəlində əsas kapitala investisiyalar 61,2%, o cümlədən qeyri-neft-qaz sektoruna 2,5 dəfə artıb, sonrakı aylarda iqtisadi aktivliyin artması ilə ölkənin ÜDM-nin davamlı artımı mərhələsinə keçid olacağını gözləmək olar.

İnflyasiya nəzarət altındadır

Dünya iqtisadiyyatının bir parçası olan, Avropa və Rusiya ilə eyni iqtisadi regionda olan Azərbaycan təbii olaraq hələ də kənardan güclü mənfi təzyiqlər yaşayır. Yanvarda istehlak qiymətləri 13,6% artıb, halbuki ötən ilin eyni dövründə inflyasiya 12,5% olmuşdu.

Aydındır ki, dünya pandemiyadan sonrakı dövrə yenicə uyğunlaşmağa başlayıb, ona görə də bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bir çox malların qıtlığına səbəb olan Rusiya-Ukrayna müharibəsi də qlobal inflyasiyaya böyük təsir göstərir.

Azərbaycan Mərkəzi Bankı 2023-cü ildə illik inflyasiyanın 8%-ə qədər azalacağını proqnozlaşdırır və bunun üçün pul-kredit siyasəti çərçivəsində öz təsirini davam etdirəcək. 2022-ci ildə uçot dərəcəsini dörd dəfə artırdıqdan sonra 2023-cü ilin fevralında Mərkəzi Bank uçot dərəcəsini yenidən artırıb – 8,5%-ə çatdırıb.

Azərbaycanda dekabr ayında ev təsərrüfatları arasında aparılan sorğuya əsasən, inflyasiyanın artacağını gözləyənlərin payı 2 faiz bəndi artaraq 22%-ə çatıb. Hərçənd 2022-ci ildə ərzaq inflyasiyasının yüksək səviyyəsi (19%) ilə əlaqədar Azərbaycanda illik inflyasiya 14,4% təşkil etmişdi. Eyni zamanda, inflyasiya sentyabrda pik həddə – 15,6%-ə çatmışdı

Məlumdur ki, bütövlükdə qiymət artımına bir çox müxtəlif amillər səbəb olub – Ukraynadakı müharibə enerji daşıyıcılarının qiymətlərində sıçrayışa səbəb olub, tədarük zəncirindəki fasilələr isə digər malların qiymətlərinə təsir edib. Başqa sözlə, yüksək qiymətlər əmtəə və xidmətlərin çox az təklifi və eyni zamanda onlara olan tələbatın çox olması ilə bağlıdır. Faiz dərəcəsini yüksəltməklə mərkəzi banklar banklar və müvafiq olaraq istehlakçılar və müəssisələr üçün borc pul götürməyi bahalaşdırır.

İstehlakçılar üçün daha yüksək faiz dərəcələri o deməkdir ki, ev, avtomobil, mebel və böyük məişət texnikası kimi baha əşyalar almaq üçün borc pul götürmək daha da baha başa gəlir.

Yüksək faiz dərəcələrinin digər potensial nəticəsi odur ki, müəssisələr borc almağı və investisiya etməyi dayandıra bilər, yəni istehlakçılar və müəssisələr daha az xərcləməyə və nəticədə tələbi təklifə uyğun səviyyəyə endirməyə başlayacaq.

Bu o deməkdir ki, faiz dərəcələrinin artırılması tələbin ümumi səviyyəsinin azalmasına kömək edir və buna görə də qiymətlərə artım təzyiqinin azalacağına ümid etmək olar.

Bütün bunların fonunda ölkədə milli valyutanın məzənnəsinin 2017-ci ilin aprel ayından bəri sabit səviyyədə – 1 ABŞ dollarının 1,7 Azərbaycan manatı səviyyəsində saxlanması diqqət çəkir. Amma neftin qiymətinin dəyişməsi və Azərbaycanın əsas ticarət tərəfdaşı olan dövlətlərin milli valyutalarının ucuzlaşması fonunda manatın dollara nisbətdə məzənnəsinə təzyiqlər qalmaqdadır.

Davamlı inkişafa aparan yol

Ehtimal olunur ki, kiçik və orta biznes (KOB) bazar boşluqlarını dolduraraq, yeni xidmətlər yaradaraq iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına töhfə verir, rəqabəti, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasını stimullaşdırır. Sahibkarlığın bu seqmenti iqtisadiyyatın imkanlarını və davamlılığını genişləndirməklə onun şaxələndirilməsində mühüm rol oynayır.

ÜDM-in strukturunda özəl sektorun payı artıq 80%-i ötüb və bunda mikro, kiçik və orta biznesin böyük rolu var. 2022-ci ildə ölkədə 153 197 mikro, 8 316 kiçik və 3 105 orta sahibkarlıq subyekti qeydiyyata alınıb. Bu, ölkədə qeydiyyata alınmış bütün sahibkarlıq subyektlərinin 99,5 faizini təşkil edir.

Son illər qlobal dəyişikliklər fonunda idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə olunur və idxalın əvəzlənməsi məqsədilə kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sahibkarlara bu ildən vergi güzəştləri tətbiq olunub. Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən, qida məhsulları istehsalçıları yeddi il müddətinə mənfəətinin yarısı həcmində vergidən, habelə əmlak və torpaq vergilərindən azaddırlar.

Məhsul istehsalı ilə məşğul olan sahibkarlar artıq yerli istehsala sərmayə yatırmaq üçün vergi güzəştlərindən istifadə edirlər. Bununla belə, investisiya təşviqi, əsasən, yeni başlayan sahibkarlara yönəlib, əksər vergi ödəyiciləri isə bu kateqoriyaya aid deyil. Bunu nəzərə alaraq, aqrar-sənaye sahəsində fəaliyyət göstərən sahibkarların işində sabitliyin təmin edilməsi və onların investisiya layihələrinin həyata keçirilməsinin stimullaşdırılması məqsədilə onlara da analoji vergi güzəştləri verilir. Nəticədə həm yeni, həm də mövcud müəssisələr eyni həcmdə vergi güzəştləri alıblar.

Aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərin kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirlərlə yanaşı, həmin məhsulların satışından da gəlirləri var və onlara bu güzəştlər tətbiq edilməyib. Kənd təsərrüfatı sahəsində stimullaşdırma siyasətinin davam etdirilməsi məqsədilə fiziki və hüquqi şəxslər gəlir vergisindən azad edilib. Hüquqi şəxslər üçün bu müddət bir il, fiziki şəxslər üçün isə müddətsizdir.

Bütün bu tədbirlər əhalinin məşğulluğunu təmin etməklə yanaşı, həm də ərzaq məhsulları ilə özünütəminatın payını artıracaq və bununla da ölkəyə inflyasiyanın idxalını azaldacaq.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nda ölkə iqtisadiyyatının qeyri-neft-qaz sektorunda KOB subyektlərinin istehsalının xüsusi çəkisinin ÜDM-in 35%-i həcminə çatdırılması, məşğulluq sahəsində isə bu rəqəmin 60%-ə çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, ölkədə mikro və kiçik biznes nümayəndələri bir sıra problemlərlə üzləşirlər. Çox vaxt mikrobiznes uğurlu biznes fəaliyyəti üçün vacib olan qanunvericiliyin, mühasibat uçotunun, marketinqin və s. nüansları ilə tanış olmayan bir neçə nəfərdən, bəzən hətta bir təsisçidən ibarət komandadır. Məhz buna görə də hökumət ölkədə kiçik və orta sahibkarlığın inkişaf mərkəzləri açır. Mərkəzlər innovativ sahibkarlığa, startaplara və ailə biznesinə pulsuz dəstək verir, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi ilə məşğul olur.

Sahibkarların vaxtına və puluna qənaət etmək üçün İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları tərəfindən xidmət göstərilən KOB evləri də fəaliyyət göstərir. Sahibkarlar eyni məkanda dövlət qurumlarından 200-ə yaxın, özəl şirkətlərdən isə 100-dən çox xidmət ala bilərlər. Bunun nəticəsidir ki, KOB evlərində sahibkarların xidmət keyfiyyətindən məmnunluq səviyyəsi 98 faizə yaxındır.

KOB-ların rolunu əla başa düşən Azərbaycan hökuməti artıq bir neçə ildir kiçik və orta biznesin stimullaşdırılması üçün kompleks tədbirlər həyata keçirir.

Məsələn, ötən il Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən bütün güzəştli kreditlərin 99,9 faizi mikro, kiçik və orta biznes subyektlərinə verilib. Ayrı-ayrı kateqoriyalar da dəstək alır – 2022-ci ildə Fond tərəfindən qadın sahibkarlara və gənc iş adamlarına müvafiq olaraq 13,9 milyon və 14 milyon manat ayrılıb. Bundan əlavə, bu gün 90-a yaxın KOB subyekti sahibkarları üç il müddətinə gəlir vergisindən və ya mənfəət vergisindən azad edən “Startap” sertifikatı alıb.

KOB subyektləri həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən layihələrin həyata keçirilməsi və ya daxili bazarın tədqiqi xidməti üçün 20 000 manatadək qrant da ala bilərlər.

Agentlik sahibkarlara beynəlxalq sərgilərdə iştirakın təşkilində və ya mallarının pərakəndə satış şəbəkələrinin rəflərinə gedib çıxmasında təmənnasız yardım göstərə bilər və bu zaman pərakəndə satış məntəqəsinin icarəsinə 80% endirim edilir. Bundan başqa, mikro sahibkarların gəlirlərinin 75%-i gəlir vergisinə cəlb edilmir, onlar həmçinin əmlak vergisindən də azaddırlar.

Böyük qayıdış

Azərbaycanda tarixi hadisəyə – məcburi köçkünlərin erməni işğalından azad edilmiş rayonlara qayıtmasına start verilib. Bu proses “Böyük qayıdış” adlanır.

Bu gün Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi istiqamətində aparılan işləri yüksək templə davam etdirir. Son iki ildə bu məqsədlər üçün dövlət büdcəsindən 6,5 milyard manat, o cümlədən ötən il 4,3 milyard manatdan çox vəsait ayrılıb.

“Böyük qayıdış” dövlət proqramı özündə 2026-cı ilə qədər bərpanı və 34,5 min ailənin geri qaytarılması strategiyasını ehtiva edir. İlk addım vətəndaşların Zəngilan rayonunun bərpa edilmiş, “ağıllı kənd” prinsipi ilə salınmış Ağalı kəndinə köçürülməsi olub.

Ağalı kəndinin “yaşıl” və rəqəmsal texnologiyaların tətbiqi təcrübəsi artıq ikinci “ağıllı kənd”də – Füzuli rayonunda yerləşən Dövlətyarlıda da tətbiq edilir. Burada Günəş panellərinin quraşdırılması, həmçinin akvakultura və quşçuluq təsərrüfatlarının inkişafı üçün rəqəmsal sistemlərin tətbiqi nəzərdə tutulur.

Şuşa şəhəri bərpa edilərkən əsas diqqət onun möhtəşəm tarixi irsinin qorunub saxlanmasına yönəldilib.

Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə sənaye zonaları və aqrar klasterlər şəbəkəsinin yaradılması, özəl təşəbbüslərin dəstəklənməsi, ixracyönümlü müəssisələrin qurulması üçün səmərəli mexanizm formalaşdırılması vacib hesab edilir.

Ölkədə həyata keçirilən sənaye parkları konsepsiyası özünü doğrultduğundan Vətən müharibəsindən qısa müddət sonra hökumət onları işğaldan azad edilmiş ərazilərdə yaratmağa da başladı. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam Sənaye Parkı, həmin ilin oktyabrında isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Burada artıq həyata keçirilən layihələr arasında yük avtomobillərinə xidmətlər, dam örtüyünün, dəmir-beton və polimer məmulatlarının, istilik izolyasiya panellərinin, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, Günəş enerjisi ilə işləyən işıqlandırma dirəklərinin, dezinfeksiyaedici maddələrin və digər məhsulların istehsalı var.

2030-cu ilədək Qarabağın payının Azərbaycanın qeyri-neft iqtisadiyyatı səviyyəsinin 5-10%-ni təşkil edəcəyi və regionun ölkənin kənd təsərrüfatında 10,4% paya malik olacağı gözlənilir. Qarabağda 167 faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişaf etdirilməsi nəzərdə tutulur. Xüsusilə, Söyüdlü yatağı sayəsində Kəlbəcərin regionda dağ-mədən sənayesinin mərkəzinə çevrilmək üçün böyük imkanları var. Qarabağ bölgəsinin Azərbaycanın dağ-mədən sənayesinə töhfəsi 5,3%, emal sənayesinə isə 4,3% ola bilər.

Qarabağ regionunun Azərbaycanda nəqliyyat xidmətlərinə təsiri 4,9% qiymətləndirilir. Şuşa təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın turizminin əsas mühərrikinə çevriləcək, yaxın illərdə isə islam və türk dünyasının mədəniyyət mərkəzi olacaq. Ağdam şəhəri isə regionda yüngül sənaye və xidmət mərkəzinə çevrilə bilər.

Qarabağ regionunda 0,5 GVt külək, 0,7 GVt su və 4 GVt Günəş potensialı bölgənin “yaşıl” enerji zonasına çevrilməsinə yol açır.

“Xudafərin”, “Qız qalası”, “Suqovuşan” su elektrik stansiyaları, eləcə də Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları Qarabağ bölgəsinin ilkin enerji tələbatını ödəmək iqtidarındadır. bp-nin Qarabağda “yaşıl” energetikaya sərmayə qoymaq niyyəti təkcə alternativ energetikaya deyil, bütövlükdə Qarabağ regionuna investisiyalar üçün əlavə stimuldur.

Beləliklə, regionun yüksək inkişaf etmiş iqtisadi mərkəzə çevrilməsi üçün bütün imkanlar mövcuddur, bu da yeni mərhələdə Azərbaycanın ümumi iqtisadi inkişafına mühüm töhfənin veriləcəyi deməkdir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir