İqtisadiyyat

Azərbaycanda kredit kartlarına maraq artıb: Faydası və zərəri nə olacaq? – ŞƏRH + FOTO

Sharing is caring!

Mərkəzi Bankın açıqladığı rəqəmlərə əsasən, bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nisbətən 231 min ədəd artaraq, 13 milyon 488 min ədəd təşkil edib. Ödəniş kartlarında artım debet kartları üzrə 18,3 faiz, kredit kartları üzrə 28,8 faiz olub.

Qeyd edilən statistika göstərir ki, əhalinin kreditlərə marağı yenidən artmaqdadır. Bu sahədə bir müddətdir nisbətən durğunluq müşahidə edilsə də, son zamanlar istehlak kreditlərinin xüsusilə plastik kartlar vasitəsilə əldə edilməsi aktuallaşıb.

Maraqlıdır, kreditləşmənin canlanması iqtisadiyyata necə təsir edəcək?

Bununla əlaqədar Oxu.Az-a danışan bank hüququ üzrə ekspert Əkrəm Həsənov düşünür ki, kreditlərə marağın artması daha çox pandemiyanın bitməsi ilə bağlıdır:

“Bu sahədə dirçəliş əslində 2019-cu ildə başlamışdı. Sonradan pandemiya oldu və buna görə, kreditlərin verilməsi ləngidi. Pandemiyanın təsirləri minimuma endiyindən kreditləşmə artır.

Əhalini kredit götürməyə həvəsləndirən bir məqam da 2015-ci ildə baş verən devalvasiyanın təsirlərinin aradan qalxmasıdır. Amma vətəndaşların banklara etibarının artdığını deyə bilmərik. Çünki onsuz da vətəndaşlar həmişə kredit almaq istəyirdilər. Əksinə, banklar kredit verməkdə maraqlı deyildilər. Onların problemli kreditləri çox idi, qaytara bilmirdilər və bağlanmaq təhlükəsi yaşayırdılar. İndi isə banklar daha yaxşı idarəetmə sistemi qura biliblər. Problemli kreditlərin artmaması üçün müştərilərin daha düzgün təhlilini həyata keçirirlər. Buna görə də kreditləşmədə də canlanma müşahidə edilir.

Xüsusilə kiçik həcmli istehlak kreditlərinin artmasına təsir edən amillərdən biri də ölkənin bank sistemində inhisarlaşmanın güclənməsidir. Yəni 5-6 iri bank əvvəllər vətəndaşlarla işləməyə meyl göstərmirdi, daha çox sahibkarlara böyük məbləğli kreditlər verirdilər. İndi isə həmin banklar da pərakəndə bankçılıq sahəsinə girişiblər, istehlak krediti təklif edirlər”.

Əkrəm Həsənovun fikrincə, kreditləşmənin bu şəkildə artımı ölkə iqtisadiyyatına müsbət təsir etməyəcək:

“Çünki banklarımız əvvəlki kimi real iqtisadi sektora deyil, yenə istehlak kreditlərinə meyilləniblər. Kreditlər daha çox sahibkarlara verilməlidir ki, onlar böyüsünlər, inkişaf etsinlər, iş yerlərinin sayını artırsınlar, insanların da gəliri, maaşı yüksəlsin. Bunun əvəzində isə banklar daha çox vətəndaşlara meyillənirlər. Amma vətəndaşların kredit götürmək imkanları həmişə olmayacaq. Yəni gəlir istənilən səviyyədə deyilsə, vətəndaşların kredit götürmək, onu ödəmək qabiliyyəti aşağı düşəcək. İş yerləri isə bağlana bilər. Hesab edirəm ki, indi aktivləşən tendensiya bir neçə il sonra problemli kreditlərin artmasına gətirib çıxara bilər”.

Nağdsız şəkildə, kredit və debet kartları ilə ödənişlərin artmasına gəlincə isə, ekspert bunun həm banklara, həm vətəndaşlara faydasının olduğunu vurğulayıb:

“Kreditlərin istehlak məqsədilə istifadəsi gələcəkdə yüksək iqtisadi imkanlar vəd etməsə də, ödənişlərin nağdsız həyata keçirilməsi, kreditlərin kart vasitəsilə, banka getmədən alınması müsbət məqamdır. Bu, məsələnin texniki tərəfidir. Banklar krediti nağd deyil, kartla verməkdə maraqlıdır. Çünki bu, bankların xərclərini də iş yükünü də azaldır. Plastik kartlardan istifadənin genişlənməsinin, nağdsız ödənişlərin artmasının həm vətəndaşlara, həm də bankalara faydası var”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir