İqtisadiyyat

Bakı limanında intermodal və multimodal terminalların tikintisi planlaşdırılır

Sharing is caring!

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafının ikinci fazası çərçivəsində intermodal və multimodal terminalın tikintisi nəzərdə tutulur.

Bunu “Report”a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.

Onun sözlərinə görə, bu terminal limanın inkişafına, əlavə yük cəlbinə və hab konsepsiyasına tamamilə xidmət edir: “İntermodal və multimodal terminal bizə imkan verəcək ki, səpgili formada gələn yükləri biz qəbul edərək, müxtəlif nəqliyyat vasitələrinə uyğunlaşdırararaq aşıraq.Yəni, bu terminalda Bakı Limanına daxil olan yüklər nəqliyyat növünü dəyişdirilərək, bu nəqliyyat növünə uyğun paketlənərək, saxlanaraq daşınır. Bu terminal regionda böyük yüklərin cəlbinə şərait yarada bilər. Dünyada ən inkişaf etmiş limanlarda bu terminallar var. Bu terminal imkan verəcək ki, Orta Dəhlizə gələn yüklərə uyğun, tez logistik həllər tapılsın”.

X. Həsənli bildirib ki, Bakı Limanının II fazası ilə bağlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə işlər bitmək üzrədir: “İkinci fazada limanın yükaşırma potensialı inkişaf etdiriləcək. Bu ilin sonlarına və gələn ilin əvvəlinə Bakı Limanın ikinci fazasının tikintisinə başlanılması gözlənilir”.

O deyib ki, ikinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından 25 milyon tona qədər yük aşırılacaq: “İlkin proqnozlara görə, II fazada limandan illik 500 min TEU konteyner keçə biləcək. Liman ərazisində digər spesifik körpülər də tikilə bilər. Bu, tam olaraq texniki-iqtisadi əsaslandırmadan sonra bilinəcək”.

X. Həsənli vurğulayıb ki, ikinci fazada TIR parkının yaradılması planlaşdırılır: “Türkiyənin TIR-larla daşınan yük dövriyyəsi 120 min TIR-ın üzərindədir, bunun 20-25 %-i Azərbaycan üzərindən keçir, lakin biz bu yüklərin 50 %-ini cəlb edə bilərik. Amma 50 %-ini cəlb etmək üçün bu tipli yüklərə uyğun logistik həllər lazımdır. TIR parkın olması Türkiyə ilə Orta Asiya arasında TIR-la daşınan ticarət dövriyyəsinin 50 %-inin bura cəlb edilməsinə imkan yaradacaq”.

Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.

Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı limanına cəlb edilən yükün həcmi sürətlə artır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir