İqtisadiyyat

Bu il hansı maliyyə alətlərinə investisiya etmək sərfəli ola bilər? – FOTO

Sharing is caring!

Hər il maliyyə bazarlarında baş verən proseslər investorların diqqət mərkəzində olur.

Bəs bu il hansı maliyyə alətlərinə investisiya etmək daha risksiz və gəlirli hesab edilə bilər?

Bu barədə “Report”a açıqlamasında ölkədəki investisiya şirkətlərindən birinin direktor müavini Cəfər İbrahimli deyib.

O, Maliyyə Nazirliyinin dövlət istiqrazlarının daha risksiz hesab olunduğunu bildirib:

Korporativ istiqrazlar bank əmanətlərindən daha gəlirlidir

C. İbrahimli hesab edir ki, bu ildə Azərbaycanın daxili bazarında Maliyyə Nazirliyinin istiqrazları daha risksiz hesab olunur:

“Həmçinin dövlət istiqrazlarının gəlirliliyi artıb. Kapital bazarına, istiqrazlara investisiya edənlərin vergidən azad edilməsi də bazarda fürsətlər yaradıb. Digər tərəfdən qiymətli kağızlar üzrə faizlər yüksəlib. Bazarda həm xarici, həm yerli valyutada kifayət qədər korporativ istiqrazlar da var. Bunların əksəriyyəti kütləvi təkliflə yerləşdirildiyi və tənzimlənən bazarda ticarət olunduğu üçün vergidən azaddır”.

Onun sözlərinə görə, manat istiqrazlarının əksəriyyətinin gəlirliliyi 10%-dən çoxdur. Bunlar bank əmanətlərindən də yüksək gəlirlidir və gəlir vergisinə cəlb olunmur. Son dövrlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) də xarici valyutada və gəlirliyi 6% olan istiqrazları bazara daxil olub. Xarici ölkələrin avrobondları və bankların əmanət faizləri ilə müqayisədə bu istiqrazlar kifayət qədər yaxşı gəlirlidir”.

Bu il səhm bazarı üçün uğurlu ola bilər

C.İbrahimli xarici kapital bazarından da danışıb:

“Qlobal bazarlarda keçən il inflyasiya ilə mübarizə ili idi. Amerika və Avropada qlobal iqtisadiyyatın resessiyaya girəcəyi təhlükəsi olduğu üçün səhmlər dəyər itirmişdi. Amma son bir ayda baş verən proseslər, dünyanın mərkəzi banklarının açıqlamaları və dünya iqtisadiyyatındakı mövcud tendensiyalar resessiya təhlükəsinin sovuşduğunu göstərir. Ona görə də bazarda risk iştahı yüksəlib”.

Onun sözlərinə görə, azərbaycanlı investorlar xarici bazarda artıq bu tipli maliyyə alətlərinə, xüsusilə də səhmlərə investisiya etməkdə maraqlıdır:

“Görünən odur ki, bu il səhm bazarı üçün o qədər də pis il olmayacaq”.

Əmtəə qiymətləri kəskin dəyişməyəcək

O, qeyd edib ki, qızılı dünyanın mərkəzi bankları ehtiyat kimi aldıqları üçün hələ də dünyada ona tələb var:

“Bu, qızılı normal qiymətdə saxlayır. Qızıl riski tənzimləmək üçün etibarlı bir alətdir. Digər əmtəə məsələlərinə gəlincə, deyim ki, pandemiyadan sonra dünyada qida məhsullarının qiyməti yüksəlmişdi. Amma hesab edirəm ki, son bir ildə əldə edilən kənd təsərrüfatı, qida və əmtəə məhsuldarlığı, Ukrayna-Rusiya müharibəsi ilə bağlı əmtəə dövriyəsinə tətbiq edilən məhdudiyyətlərin ortadan qaldırılması nəticəsində hazırda burada da əvvəlki illərdən fərqli olaraq qiymətlərdə bir tənzimləmə müşahidə olunur.

Bu il qida məhsulları bazarında kəskin yüksəlmələrin olacağı ehtimalı azdır”.

Neftin kəskin ucuzlaşması gözlənilmir

C.İbrahimli hesab edir ki, dünyada neft qiymətlərinə təsir edən əsas məsələ sənayeləşmiş ölkələrdə iqtisadi aktivliyinin hansı səviyyədə olmasıdır:

“Həmin iqtisadiyyatlarda aktivlik olduğu müddətdə enerji resurslarına, neftə və qaza tələb olur və bu da neft qiymətlərini yüksək səviyyədə saxlamağa gətirir. Hazırda qlobal iqtisadiyyatda resessiya gözləntisi azaldığı üçün neft və qaz qiymətlərinin stabil qalacağı gözlənir. Hələ ki, enerji resurslarının qiymətində kəskin eniş gözləmirəm”.

İnvestisiya şirkətinin direktor müavini bu gözləntiləri orta və qısamüddətli investisiyalara aid edib. Uzunmüddətli investisiya alətlərindən biri isə daşınmaz əmlakdır.

“Vətəndaşlarımız bu bazara çox maraq göstərir. Dünyada da son illər əmlak bazarında kifayət qədər yüksəlmə var”, – deyə C.İbrahimli əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir