İqtisadiyyat

Sahil Babayev: “Dövlət bütün iş yerlərini yarada bilməz”

Sharing is caring!

“Biz özəl sektordan, iqtisadiyyatımızdan asılıyıq. Dövlət bütün iş yerlərini yarada bilməz”. 

Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, iş yerlərinin yaradıcısı, “drayver”i özəl sektor olmalıdır:

“Eyni zamanda biz siyasi-iqtisadi sabitlikdən asılıyıq. Müharibə dövründə, əlbəttə ki, prioritetlər başqa olur. Yəni, bu kompleks bir məsələdir. Dövlət qurumları olaraq bizim fəaliyyətimizin əsas məqsədi bir-birimizə dəstək olmaq, bir-birimizi tamamlamaqdan ibarət olmalıdır. Boşluqlar olmalıdır”.

Nazir qeyd edib ki, qarşımızda çox böyük gözləntilərin olduğu uzun bir dövr var:

“Hər il demoqrafik vəziyyətdə dəyişiklik olur. Əhalinin təbii artımı müsbətdir. Müxtəlif dövrlərdə bu artımlarda faiz fərqi olub. 1,2-1,5 faiz artım olan dövrdə olub, 0,6-0,8 faiz olan dövrdə. Həmin dövrlərdə dünyaya gələn Azərbaycan vətəndaşlarının bəziləri ali təhsil müəssisələrinə, bəziləri peşə tədrisi mərkəzlərinə daxil olacaqlar. Daxil olmayanlar isə birbaşa əmək bazarına işçi qüvvəsi olaraq gələcək. Ona görə də hədəfimiz böyük çağırışı emal edə biləcək ixtisas verə biləcək, bilik bacarıq tədris edə biləcək sistemləri yaratmaq olmalıdır”.

“Dünyanın heç bir yerində bu proseslərin hamısı dövlət tərəfindən təşkil edilmir. Bu bilik və bacarıqları distant şəkildə, özəl iş yerlərində öyrənənlər olur, qeyri-formal şəkildə öyrənənlər olur. Bu imkanlar da yaradılmalıdır. Məşğulluq hər bir dövlətin əsas çağırışlarından biridir. Məşğulluğu inkişaf etdirməyən heç bir dövlət sosial rifaha nail ola bilmir. Çox kiçik istisnaları kənara qoysaq, adambaşına çox böyük təbii sərvəti olan ölkələri kənara qoysaq. Digər bütün inkişaf etmiş ölkələrin inkişaf “drayver”i məşğulluqdur. Bu kompleks problem kimi cəmiyyətin, özəl və dövlət sektorunun qarşısında dayanır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir