İqtisadiyyat

Sahil Babayev: “Azərbaycanda hər il 100 mindən artıq gənc əmək bazarına qoşulur”

Sharing is caring!

“Ötən dörd il ərzində 400 mindən çox adam işlə təmin edilib. İctimai işlər seqmenti 130 mindən çox vətəndaşı əhatə edib. Özünüməşğulluq proqramı çərçivəsində 60 mindən çox ailə üçün kiçik və mikrobiznes yaradılıb, peşəyönümlü xidmətlər həyata keçirilib”.

Oxu.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ölkə başçısı tərəfindən irəli sürülən, təsdiq edilən üç sosial paket çərçivəsində 4 milyondan çox vətəndaşın əmək və sosial rifahına ciddi dəstək verildi:

“4 il ərzində ölkə üzrə minimum əməkhaqqı 2,3 dəfə, əməkhaqqı fondu 2,2 dəfə, median əməkhaqqı 2 dəfə artdı. Bu, ciddi nəticədir. Bu, dövlət üçün çox prioritet məsələdir. Bu dövr ərzində əmək münasibətlərinin leqallaşdırılması əldə edildi. Bu 4 il ərzində əmək müqavilələrinin sayında 400 mindən çox, yəni 33 faiz artım qeydə alındı. İstənilən dövlətdə rifahın yaxşılaşdırılması məşğulluğun artırılması ilə bağlıdır. Qarşıda hələ bir sıra işlər bizi gözləyir. Bu gün hələ də əmək müqavilələrinin ümumi sayı məşğulluqda azdır.

Cənab prezident tərəfindən təsdiq edilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında ölkədə məşğulluğun daha geniş spektrdə artırılması hədəfləyir.

Azərbaycan gənc ölkədir, hər il bizim 100 mindən artıq gəncimiz əmək bazarına qoşulur. Onların yeni əmək bazarına hazırlanması, cari dövr üçün önəmli olan peşə və ixtisasların verilməsi önəmlidir. Biz müxtəlif rəqəmsallaşmalar, kvalifikasiya və standartlar hazırlamalıyıq. Bir sıra yeni təhsil proqramları tətbiq edilməlidir. Bütün bu kompleks tədbirlər bizi hədəfimizə daha da yaxınlaşdıracaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir