İqtisadiyyat

Yulian Kifu: “Bu gün imzalanan saziş enerjiyə ehtiyacı olan regiona “yaşıl enerji” gətirir”

Sharing is caring!

Rumıniya Baş nazirinin xarici siyasət, təhlükəsizlik, strateji məsələlər üzrə müşaviri Yulian Kifu dekabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”lə bağlı AZƏRTAC-a müsahibə verib.

O bildirib ki, imzalanan saziş son dərəcə aktualdır. Çünki o, ehtiyacı olan, xüsusilə inkişaf üçün enerjiyə tələbatı artan bir regiona, Avropaya “yaşıl enerji” gətirir. Üstəlik, enerji kabelinin tikintisi Rumıniyanın Qara dəniz sahilində yerləşən Dobrogea bölgəsində enerji sisteminin yenidən balanslaşdırılması üçün son dərəcə vacibdir. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır. Xüsusilə neft və qaz sahəsində çox mühüm əməkdaşlığımız var. Lakin artıq “yaşıl enerji” gəlir və bu, Azərbaycanın Avropaya gətirdiyi enerji məhsullarının toplusunu tamamlayır.

“Gələcəkdə təmiz enerjiyə və havaya buraxılan karbon tullantılarının azaldılmasına artan maraq öz təklifini şaxələndirə və gücləndirə bilən Azərbaycan üçün daha mühüm imkan yaradacaq. Burada Aİ dövlətləri və bütövlükdə Avropa İttifaqı ilə böyük əməkdaşlıq vacibdir. Bu saziş Azərbaycan ilə Rumıniya arasında strateji münasibətlərə də müsbət təsir göstərəcək. Bizim əməkdaşlığımızın möhkəm əsasları var. Azərbaycanın Rumıniyada enerji istehsalı sahəsinə, həmçinin enerji tutumlu və çox tələb olunan bəzi sənaye sahələrinə investisiya yatırması onun ölkəmizdəki nüfuzundan xəbər verir. Bu saziş Azərbaycanın Rumıniyanın strateji tərəfdaşı kimi aktuallığını artırır”, – deyə müşavir bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir