İqtisadiyyat

Sahib Məmmədov: “Türk Dövlətləri Təşkilatı ölkələri geniş iqtisadi güc və resurs potensialını əhatə edir”

Sharing is caring!

“Türk Dövlətləri Təşkilatı ölkələri özündə geniş iqtisadi güc və resurs potensialını əhatə edir. Sadəcə onu demək kifayətdir ki, bu ölkələr bir trilyon ABŞ dollarından artıq ÜDM və 500 milyard ABŞ dollarından çox ticarət dövriyyəsinə malikdirlər”.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son illərdə türk dövlətlərinə üzv ölkələr arasında nəqliyyat-tranzit, investisiya, rəqəmsallaşma və s. sahələrdə əməkdaşlığın gücləndirilməsi təşəbbüsləri artmaqdadır:

“Bu baxımdan, Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, ölkələrin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması iqtisadi əlaqələrin genişləndirilməsində önəmli təşəbbüslərdir.

Təsadüfi deyildir ki, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2021-ci ildə beş milyard ABŞ dollarına çatıb. Təşkilata üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı təqribən 15% faiz təşkil edir. Bu ölkələr 1995-2021-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 14 mlrd. ABŞ dollarına yaxın həcmdə investisiya yatırıb. Azərbaycan isə müvafiq ölkələrin iqtisadiyyatlarına 20,8 mlrd. ABŞ dolları sərmayə yönəldib”.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində tədbirlər uğurla davam etdirilir:

“Belə ki, qlobal müstəvidə geosiyasi gərginliyin artması fonunda dünya iqtisadiyyatında mənfi proseslərin güclənməsi, habelə COVID-19 pandemiyasının mənfi təsirlərinin tam bitməməsi şəraitində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində 2022-ci ilin yanvar-iyul aylarında ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan iqtisadiyyatında dinamik inkişaf prosesləri bir qədər də intensivləşib. Sözügedən müddətdə ÜDM real ifadədə 6,2 faiz bəndi, qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 9,9 faiz bəndi artıb. Ölkənin strateji valyuta ehtiyatları 56,1 milyard ABŞ dolları təşkil edərək 2021-ci il üzrə ÜDM-in həcmini keçib. 2022-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala dörd milyard ABŞ dollarından artıq vəsait yönəldilmişdir.

Bu investisiyaların 26 faizə yaxın hissəsi, yəni təqribən bir milyard ABŞ dolları xarici mənbə hesabına formalaşıb, 63%-i isə qeyri-neft-qaz sektoruna yönəldilib. Xarici ticarət dövriyyəsi 30 milyard ABŞ dollarından artıq həcmi əhatə etmiş, qeyri-neft ixracı 24 faizdən çox artmış və 15 milyard ABŞ dollarından artıq müsbət saldo formalaşmayıb.

Ümumilikdə, 2003-cü ildən indiyədək, yəni son 18 ildə, Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb. Bu illər ərzində sənaye 3,7 dəfə, kənd təsərrüfatı iki dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə, ixrac 9,2 dəfə, qeyri-neft ixracı 7,3 dəfə, valyuta ehtiyatlarımız 33 dəfədən çox artıb”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir