İdman

“Qarabağ”ın transfer siyasəti: Neyləyək, alınmadı – FOTO

Sharing is caring!

Biz tərəfdə bir məsəl tez-tez işlənir. Deyir, bardaq düzəldən özü bilir, qulpunu haradan qoyacaq. Yəni sənətkarın işinə qarışan, kənardan söz deyən, onu etmə, bunu et, o yaxşı deyil, bu yaxşıdır deyən çox olur, amma sənətkar özü bilir, nəyi, harada, nə vaxt və necə edəcək. 

Dünəndən baxıram, bir çox həmkarlarımız, azarkeşlər şikayət edirlər ki, bəs “Qarabağ” niyə transfer etmədi?

Qurban Qurbanov “Kəpəz”lə oyundan sonra açıqlama verib ki, bu məsələni bağladıq. Bir neçə cəhd etdik, danışıqlar apardıq, amma yekun razılıq əldə etdiyimiz hansısa oyunçu olmadı. Yola indiki heyətlə davam edəcəyik. 

İsmayıl Dadaşovla Vaqif Gərayzadənin birgə ərsə gətirdiyi, İradə İbrahimovanın da əla ifa etdiyi o gözəl mahnıda da deyildiyi kimi, neyləyək, alınmadı…

“Qarabağ” niyə transfer etmədi? Həqiqətən, gözəl sualdır. Axı bu komandanın, əslində, bütün mövqelərdə, ən dar məqamda isə yarımmüdafiənin mərkəzində, hücumda və qapıda zəruri güclənməyə ehtiyacı var (idi).

Çünki biz elə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda, “Viktoriya” ilə qarşılaşmada gördük ki, Almeydanın zədələnib oyundan çıxmasından sonra mərkəz xəttində necə boşluq yarandı. Rəqibin hücumlarını erkən mərhələdə qarşılayıb təhlükənin böyüməsinə əngəl olan, eyni zamanda, hücuma çıxarkən topu birinci bölgədən üçüncü zonaya daşımağı bacaran, dispetçerlik edən oyunçunun yoxluğu yekunda komanda üçün necə nəticələndi.

Elə həmin qarşılaşmada ələ düşən imkanlardan istifadə edilməməsi, üstəlik də əldə olan əsas qol ümidinin – Vadjinin də satılmasından sonra hücumları məntiqi sonluqla yekunlaşdırmalı olan bir bitirici forvardın transferi şərt deyildimi? Məncə, şərt idi.

Yenə bu bəhs etdiyimiz matçda hər iki qolun buraxılmasında müstəsna xidmətləri olan Şahruddin Məhəmmədəliyevin əvəzinə daha etibarlı bir qapıçı almaq olmazdımı? Olardı.

Bəs onda komanda niyə transfer etmədi?

Bəlkə, maddi problemləri var? Görünən odur ki, “Qarabağ”ın hazırda maddi problemləri yoxdur. Komanda həm təsnifat mərhələlərindəki nəticələri, həm Avropa Liqasının qrupuna düşməsi, həm də Vadjinin satışı səbəbindən kifayət qədər məbləğdə qazanc əldə edib. Deməli, bu variantı qoyuruq kənara.

Təbii ki, bir neçə uğursuz keçidi qeyd etmək olar, amma biz adətən “Qarabağ”ın transferlərdə yüz ölçüb, bir biçdiyini, həmişə nöqtə atışlar etdiyini görmüşük. Bunu etmək üçün də davamlı izləmə, seçmə, araşdırma yolunu tuturlar. Görünür, bu dar macalda sırf transfer olsun deyə tələm-tələsik kimisə almaqdansa, elə yola əldəki oyunçularla davam etməyi uyğun görüblər. 

Sirr deyil ki, “Qarabağ” Avroliqada olduqca çətin qrupda yer alıb. Hərçənd çempionumuz püşkə ikinci səbətdən qatılsa da, istər birinci, istərsə də üç və dördüncü səbətdən ən güclü komandalarla rəqib oldu. Təsəvvür edirsinizmi, qrupda Avrokubokların daimi iştirakçısı “Olimpiakos”, “böyük beşlik” ölkələrindən iki komanda və “Qarabağ” var. 

Düşünürəm ki, klub rəhbərliyi də, baş məşqçi də reallıqları əla dərk edirlər və bu qrupdan çıxmağın möcüzə olduğunu anlayırlar. Qrupdan çıxmağın bu qədər çətin olduğu bir məqamda milyonlar xərcləyib əlavə oyunçu almaqdansa yekunu gözləmək daha çox məntiqəuyğundur. Əgər əldəki oyunçularla, heç olmasa, üçüncü olub Konfrans Liqasının 1/8 mərhələsində iştirak etmək hüququ qazansalar, o zaman qış “transfer pəncərəsi” zamanı yenidən bu məsələyə qayıtmaq olar. Olmasa da, Azərbaycan Premyer Liqasında hətta ikinci heyətlə də qələbə qazanmaq mümkündür.

Və nəhayət, sonuncu variantım budur ki, “Qarabağ” hər nə qədər Azərbaycanı təmsil edirsə, bir o qədər də “Azərsun Holdinq”ə tabe, Gözəl ailəsinə məxsus biznes obyektidir. Ailə (şirkət) kluba investisiya qoyur, xərc çəkir, pul buraxır, qazancını isə istədiyi kimi xərcləmək hüququ var. Necə ki, bu vaxta qədər digər sahələrdən əldə edilən gəlirlə komandanı saxlayırdılarsa, indi də “Qarabağ”dan qazandıqlarını başqa sahəyə xərcləmək istəyirlər. Bu, iddia deyil, sadəcə variantlardan biridir. Mümkündürmü? – Mümkündür.

Bizə düşən isə əldə olan heyətlə yola davam edən “Qarabağ”ı izləmək, qalib gələndə sevinməkdir. 

Uduzanda isə… Neyləyək, alınmadı…

Zaur Xudiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir