İdman

Ansi Aqolli: “Qarabağ” pley-offa çıxmaqla öz gücünü sübut edib”

Sharing is caring!

“Viktoriya” yadımda çox yaxşı təşkilatlanmış komanda kimi qalıb”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli 2016/2017 mövsümündə Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirdikləri oyunlar barədə danışarkən deyib.

İlk matçın Plzendə, cavab qarşılaşmasının isə Bakıda olduğunu xatırladan albaniyalı veteran müdafiəçi evdə rəqibdən xeyli üstün oynadıqlarını bildirib:

“Hesabda önə keçdikdən sonra ən azı 3 real qol vəziyyətimiz var idi. Lakin son dəqiqələrdə buraxdığımız qol rəqibin mərhələ adlamasına səbəb olmuşdu. Çünki Çexiyadakı matçda hesab açılmamışdı”.

Aqolli iki komanda arasında ciddi fərq olmadığını söyləyib:

“Şansları bərabər görürəm. Amma nəzərə alaq ki, “Qarabağ” “Lex”, “Sürix” və “Ferentsvaroş” kimi güclü rəqibləri mübarizədən kənarlaşdırıb. Hesab edirəm ki, bunlar “Viktoriya” ilə görüş öncəsi yaxşı sınaq olub. İlk qarşılaşmada iki komandanın ifasında balanslı oyun gözləyirəm. Bakıdakı matçdan sonra daha aydın təsəvvürlərimiz olacaq”.

Albaniya millisinin keçmiş kapitanı bugünkü qarşılaşmada istənilən nəticənin qeydə alına biləcəyini istisna etməyib:

“Çünki pley-off mərhələsidir. Hər iki komanda öz gücünü sübut edib. Təbii ki, “Qarabağ” mənim üçün doğmadır. Yaxşı oyun göstərirlər. Onlara uğurlar arzu edirəm. Amma dediyim kimi, “Viktoriya” kiçik şəhəri təmsil etsə də, yaxşı təşkilatlanmış komandadır. Heyətində bir neçə yeni futbolçu var. Daim Çempionlar Liqası və Avropa Liqasında çıxış edir”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir