İdman

Kikboksinq Federasiyasının prezidenti İslamiadada Azərbaycanın əsas rəqiblərini açıqladı

Sharing is caring!

“V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kikboksinq ustaları avqustun 16-sı mübarizəyə qoşulacaqlar. Hazırda milli yığma komanda Balakən rayonunda təlim-məşq toplanışındadır. Komandamız Konyada həm “low kick”, həm də “full contact” versiyalarında təmsil olunacaq. Ümumilikdə orada 24 idmançı və 5 məşqçi ilə təmsil olunacağıq”.

Oxu.Az xəbər verir ki, bunu mətbuat xidmətinə açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev deyib.

O, kikboksinq yarışlarının 16-18 avqust tarixlərində baş tutacağı İslamiadada Azərbaycanın əsas rəqibləri olduğu ölkələrin adlarını açıqlayıb:

“Əlbəttə, biz İslamiadada çıxış edən bütün idmançılarımızdan medal gözləyirik. Bildiyiniz kimi, burada çıxış edən bütün idmançılarımız sonuncu ölkə çempionlarıdır.

Bu yarışda qardaş Türkiyə idmançıları da meydan sahibi olaraq güclü heyətlə mübarizə aparacaq. Eyni zamanda Özbəkistan və Qazaxıstan idmançıları da iddialı çıxışları ilə bütün kikboksinq yarışlarında yadda qalırlar. Amma buna baxmayaraq, bizim milli komandada dünyada tanınan idmançılarımız çıxış edir. Bu da bizə deməyə əsas verir ki, ilk “3-lük”də Azərbaycan idmançıları da yer alacaq”.

İslam Həmrəylik Oyunlarının dövlətimiz tərəfindən də xüsusi diqqətdə saxlanıldığını deyən Orxan Əliyev köməklik göstərən şəxslərə təşəkkürünü bildirib:

“İdmançılarımızın təlim-məşq toplanışlarına cəlb olunmasında Gənclər və İdman Nazirliyi də köməklik etdiyinə görə nazir Fərid Qayıbova, onun müavini Mariana Vasilevaya təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycanın kikboksinq millisi avqustun 14-ü saat 10:30-da Konyaya yola düşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir