İdman

Gənclər və İdman nazirliyi reytinq cədvəli tərtib etdi: Lunyov birincidir

Sharing is caring!

Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb.

Oxu.Az xəbər verir ki, reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılır.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən dörd kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Reytinq əmsalının hesablanması ilk olaraq olimpiya idman növləri üzrə (böyüklər arasında) nəzərdə tutulub.

“Azərbaycan Respublikası idmançılarının reytinq əmsalının hesablanması haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmış reytinq cədvəli hər ay yenilənərək idmançıların və komandaların göstərdikləri nəticələr xallarında, reytinq mövqelərində əksini tapacaq.

Qeyd edək ki, idmançıların reytinq xalları növbəti təqvim ilinə keçiddə sıfırlanmayacaq və cədvəl üzrə son 12 ayın nəticələri aktiv olaraq qalacaq. Məsələn, idmançının 2023-cü ilin fevral ayının 1-də reytinq əmsalı hesablanarkən, onun son 12 ay (1 fevral 2022 – 31 yanvar 2023) göstəriciləri nəzərə alınacaq.

Reytinqdə ilk növbədə Olimpiya Oyunlarında uğurla çıxış etmiş idmançılara üstünlük veriləcək. Bundan sonra, idman növündən asılı olaraq, dünya, Avropa çempionatlarının və digər yarışların nəticələri nəzərə alınacaq.

Həmçinin bu reytinqdə sabitlik son dərəcə vacibdir. İl ərzində sabit çıxış edən idmançı cədvəldə, böyük olsa belə, bir uğur qazanmış idmançıdan daha yüksəkdə ola bilər.

Zərurət olduqda, reytinq əmsallarının hesablanma qaydası gələcəkdə təkmilləşdirilə bilər.

Hazırkı reytinqin ilk “10-luğ”unda bu idmançılar yer alıblar:

1. Ruslan Lunyov (güllə atıcılığı) – 180

2. Bədii gimnastika komandası – 140

3. Məmmədəli Mehdiyev (cüdo) – 135

4. Hidayət Heydərov (cüdo) – 120

5. Arzu Cəlilova (bədii gimnastika) – 115

6. Anna Başta (qılıncoynatma) – 100

7-8. Balabəy Ağayev və Uşangi Kokauri (hər ikisi cüdo) – 85

9-15. Vladimir Litvintsev, Yekaterina Ryabova (hər ikisi fiqurlu konkisürmə), Məhəmmədxan Məhəmmədov (sərbəst güləş), Eldəniz Əzizli, Rafiq Hüseynov (hər ikisi yunan-Roma güləşi), Yunan-Roma güləşi komandası, Elmar Qasımov (cüdo) – 80.

Qeyd edək ki, olimpiya mükafatçısı İradə Aşumovanın oğlu olan Ruslan Lunyov yanvarda iştirak etdiyi iki Qran-Pri yarışında 1-ci və 2-ci yeri tutduğu üçün müvafiq olaraq 40 və 35 xal qazanıb. Fevral-martda keçirilmiş Dünya Kubokunda kiçik çaplı tapançada 2-ci yeri və pnevmatik tapançada 4-cü yeri tutub. Buna görə də müvafiq olaraq 50 və 35 xal qazanıb. O, 18-28 mart tarixlərində Norveçin Hamar şəhərində keçirilmiş 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatında yer tutmasa da, mötəbər turnirdə iştiraka görə əlavə 20 xal əldə etməklə reytinqdə xalını 180-ə çatdırıb. 

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir