İdman

Azərbaycan millisinin baş məşqçisi: “Ümumi çıxışımızı dörd balla qiymətləndirirəm”

Sharing is caring!


“Komandanın ümumi çıxışını dörd balla qiymətləndirirəm”.

Bunu “Report”a açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatındakı çıxışa münasibət bildirərkən deyib.

40 yaşlı mütəxəssis bir gümüş, altı bürünc medal qazanan komandanın daha yaxşı nəticə əldə etmək iqtidarında olduğunu bildirib:

“Hər çəki dərəcəsində medal qazana bilərdik. Bunun üçün böyük şans da var idi. Təəssüf ki, alınmadı. Bütün güləşçilərimiz fəxri kürsüdə yer alsaydılar, əla nəticə olardı. Gənc güləşçilərimizin ilk “üçlük”də qərarlaşmaları sevindirici haldır. Onlar digər gənclər üçün nümunədirlər. Yalnız qızıl medalın olmamasına görə təəssüflənirəm. Maqomedxan Maqomedova ümid edirdik. Amma finalda uduzaraq gümüş medalla kifayətləndi. İnşallah, növbəti dəfə daha da yaxşı nəticələr qazanarıq”.

Xetaq Qazyumov qarşıdakı planlar barədə də danışıb:

“İki təlim-məşq toplanışı nəzərdə tutulub. Eyni zamanda, Yaşar Doğunun xatirə turnirində iştirak edəcəyik. Bu yarışda gəncləri sınaqdan keçirəcəyik. Əsas heyət isə Bakıda reallaşacaq lisensiya xarakterli turnirə hazırlaşacaq”.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 122 xalla komanda hesabında üçüncü yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir