İdman

Veteran futbolçu: “Kamran Ağayevlə toyun tarixini səhv salıb başqa məclisə getmişdik”

Sharing is caring!


“Komanda yoldaşımız və yaxın dostumuz Saşa Yunisoğlunun toyu ərəfəsi idi. Biz də neçə vaxtdır buna hazırlaşırdıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov başına gələn maraqlı əhvalatlar barədə danışarkən deyib.

Veteran müdafiəçi yığmanın keçmiş qapıçısı Kamran Ağayevlə birgə getməli olduqları toyun tarixini səhv saldıqlarını bildirib:

“Mən məclisin növbəti gün olacağını dedim. Kamran isə etiraz etdi və xeyir işin bu gün baş tutacağını söylədi. Məşqdən çıxıb Saşanın toyu olan şadlıq sarayına yollandıq. Əslində içəri daxil olanda şəkillərdən hiss etdim ki, düz gəlməmişik. Lakin fikir vermədim və içəri keçib oturduq. Bəy ilə gəlin hələ gəlməmişdi. Kamran da Dubaydan aldığı xəz dərini geyinmişdi. Hətta ona zarafatla dedim ki, bu, qadın paltarına oxşayır, qarderoba yerləşdirmə, başqası götürəcək. O isə sözümə fikir vermədi. Yenicə yeməyə başlamışdıq ki, bəy və gəlin zala daxil oldu. Elə hər şey buradan başladı. Baxdıq ki, bəy Saşa deyil. Kamrana dedim ki, gördün, toy sabahdır. Utana-utana durub zalı tərk etdik”.

Ruslan Əmircanovun sözlərinə görə, çölə çıxanda xəz dərinin bir qadının əynində olduğunu görüblər:

“Dedim ki, bax, paltarın əldən getdi (gülür). Əvvəlcə inanmadı, sonra gördü ki, həqiqətən onun geyindiyi xəz dəridir. Həmin insan da yaşlı qadın idi. Kamran arxadan qışqıraraq “Xala, hara gedirsən, mənim paltarımı geyinmisən” dedi. Qadın isə geriyə dönüb Kamrana “Kişi nə vaxtdan xəz dəri geyinir?” söylədi. Çətinliklə də olsa, paltarı geri qaytardıq və utana-utana evə qayıtdıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir