İdman

Sabiq hücumçu: “Qarabağ” iddialı rəqibləri məğlub etməyi bacarır”

Sharing is caring!


“Qarabağ” iddialı rəqiblərə qarşı öz oyununu göstərməyi və onları məğlub etməyi bacarır”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off oyunu ilə bağlı danışarkən deyib.

34 yaşlı keçmiş hücumçu rəqibin olduqca güclü kollektiv olduğunu bildirib:

“Azərbaycan çempionatındakı oyunla “Braqa”ya qarşı matçı tərəzinin eyni gözünə qoymaq olmaz. Avrokubok görüşünün motivasiyası tam fərqlidir. “Qarabağ” da bunun fərqindədir. “Braqa” ölkə çempionatında böyük klublarla mübarizə aparır, həmişə yuxarı pillələrdə – 3-4-cü yerlərdə qərarlaşır. Bunu nəzərə alsaq, komandamızın işi çətin olacaq. İnanıram ki, təmsilçimiz bu gün uğurlu nəticə ilə bizi sevindirəcək”.

Rauf Əliyevin fikrincə, “Qarabağ”ın Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sabah”a məğlubiyyəti (3:4) və Premyer Liqa görüşündə eyni rəqiblə heç-heçəsi (3:3) Ağdam təmsilçisinə mənfi təsir etməyəcək:

“Fikrimcə, “Qarabağ” hazırda yaxşı formadadır. “Sabah”la oyunlar onların formadan düşdüklərinə işarə deyil. Ölkə kubokunda “Sabah”la cavab görüşünün nəticəsi, etiraf edək ki, o qədər də böyük önəm kəsb etmirdi. Bəlkə də həmin məğlubiyyət Premyer Liqada bu rəqiblə görüşə müəyyən təsir göstərdi”.

Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir