İdman

PFL-in qəzaya düşən texniki-idman şöbəsinin direktoru: “Artıq işə çıxıram”

Sharing is caring!


“Qəzaya düşdüyümüz andan bu yana hər kəs bizə dəstək oldu. İstər tibbi, istər fövqəladə, istərsə də mənəvi dəstəyi dərhal hiss etdik”.

Bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasının texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov məlumat verib.

O bildirib ki, bu gün Allahın köməkliyi, insanların dəstəyi və duaları ilə ayaqdayıq:

“Bildiyiniz kimi, xəsarət alanlardan Sənan Abdullayev, Zaur Hacı-Məhərrəmov və mən artıq evə buraxılmışıq. Mən artıq işə çıxıram. Peşəkar Futbol Liqasının (PFL) işlək mexanizmində problem yoxdur. Elxan müəllim və Aslan müəllim PFL-də elə struktur qurublar ki, hər şey plana uyğun davam edir. Bütün əməkdaşlar canla-başla çalışırlar.

Bundan əlavə, məkan fərqli olsa da, biz yenə bir yerdəyik. Həm onlayn, həm də fiziki görüşlərimiz olur və bütün məsələlərin həllinə nail oluruq. Peşəkar Futbol Liqası olaraq qarşıda duran bütün planları həyata keçirəcəyik. Əlbəttə ki, Elxan müəllim və Aslan müəllimin hazırkı durumları haqqında həkimlər daha dolğun informasiya verə bilərlər, amma mən gördüklərimdən deyə bilərəm ki, ilk günlə müqayisədə yaxşıdırlar və daha yaxşı olacaqlar. Onlar güclü və çox əqidəli insanlardır, Allah onları darda qoymaz”.

Qeyd edək ki, PFL əməkdaşları dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qəzaya düşüblər. Qəza nəticəsində altı nəfər xəsarət almışdı. Dekabrın 19-da PFL-in texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktoru Zaur Hacı-Məhərrəmovun ilkin müalicələri tamamlanıb və onlar evə buraxılıblar.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir