İdman

“Qəbələ” iki futbolçusunu cəzalandırıb

Sharing is caring!


“Qəbələ” U-19 komandasının iki futbolçusunu cəzalandırıb.

Bu barədə “Report”a komandanın baş məşqçisi Zaur Hacıyev məlumat verib.

O bildirib ki, AFFA Gənclər Liqasında, “Zirə” ilə ev oyununda bir-biriləri ilə mübahisə edən Okan Təhməzli və Ceyhun Bağırov məşq, oyun cəzası ilə yanaşı, klub tərəfindən də cərimə olunublar.

Baş məşqçi AFFA İntizam Komitəsinin Okan Təhməzlini 4 oyunluq cəzalandırmasına da münasibət bildirib:

“Oyunçuların bir-biriləri ilə dalaşmaları və ya mübahisə etmələri bizim daxili prinsiplərimizə zidd davranışdır. Səhvə yol verən istənilən şəxs cəzasını almalıdır. Sadəcə, Okan Təhməzliyə verilən 4 oyunluq diskvalifikasiyanın çox olduğunu düşünürəm. Çünki şişirdiləcək dərəcədə dava düşməyib, futbolçular aqressiv danışıblar, bir-birilərini itələyiblər”.

Zaur Hacıyev futbolçular arasında yaşanan qalmaqalın səbəbini də açıqlayıb:

“3:1 öndə olduğumuz matç 3:3 hesabı ilə bitdi. Gərginliyin pik anında Okanla Ceyhun arasında mübahisə düşdü. Okanın verdiyi ötürməni Ceyhun qolla tamamlaya bilmədi və gərginlik də ondan başladı. Hər iki oyunçu klubdan, məşqçilər heyətindən, bütün personaldan üzr istədilər, bir-biriləri ilə barışdılar. Bu uşaqlar keçid yaşındadırlar, gəncdirlər”.

Çalışdırıcı oyunçuları komandadan uzaqlaşdırmaq fikrində olmadıqlarını sözlərinə əlavə edib:

“Heç kimi komandadan uzaqlaşdırmaq fikrimiz yoxdur. Hər ikisi perspektivli futbolçudur. Biz ilk növbədə oyunçunu qazanmağa çalışırıq. Bu cür hadisələr yaşanmalıdır ki, təkrarlanmaması üçün uşaqlara izah edək. Okanla Ceyhun da səhvlərini başa düşdülər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir