İdman

İlham Zəkiyev: “Hər birimiz qızıl medal qazanmaq istəyirdik, əsas hədəfimiz paralimpiadadır”

Sharing is caring!


“Hər birimiz qızıl medal qazanmaq istəyirdik. Amma olmayanda olmur. Əsas hədəfimiz 2024-cü ildə Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarıdır”.

Bunu “Report”a açıqlamasında Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev Yaponiyanın paytaxtı Tokioda keçirilən Qran-pridə çıxışını dəyərləndirərkən deyib.

Komitə rəsmisi qurum tərəfindən paralimpiyaçılara istənilən səviyyədə şəraitin yaradıldığını bildirib:

“Mövsümün ortası və ilin yekunu olduğu üçün cüdoçularda yorğunluq hiss edilirdi. Bu il daha əvvəl dörd yarışa qatılmışdıq. Buna baxmayaraq, onların hər biri vuruşdu və çalışdı. Nəticə də ürəkaçan oldu. Qızlarda iki gümüş, bir bürünc, oğlanlarda iki gümüş və bir bürünc medal əldə olundu. Paralimpiadada komandamızın pik formada olması üçün çalışacağıq. Azərbaycanı layiqincə təmsil etmək, himnimizi səsləndirmək niyyətindəyik”.

+90 kq-da gümüş medal qazanan Zəkiyev öz çıxışı barədə də danışıb:

“İlk rəqibimi tanımırdım, ilk dəfə qarşılaşırdıq. Ona 7 saniyəyə qalib gəldim. Digərləri ilə daha əvvəl üz-üzə gəlmişdik. Bir az zədələrim var idi. Bu da finalda öz sözünü dedi. Əsas odur ki, medalsız qayıtmadıq. Reytinqdə vəziyyətimizi xeyli yaxşılaşdırdıq. Ümid edirəm ki, qarşıdakı üç yarışda da istəyimizə nail olacağıq”.

43 yaşlı idmançı hələlik karyerasını bitirmək barədə düşünmədiyini sözlərinə əlavə edib:

“Özümü Yay Paralimpiya Oyunlarına kökləmişəm. Bundan sonra düşünə bilərik. Çoxları fikirləşə bilər ki, İlham Zəkiyev qocalıb, amma yaşımız çox olsa da, ölkəmizə medal gətiririk. Heç bir turnirdən mükafatsız qayıtmırıq. Azərbaycanın hansısa gənc cüdoçusu məni məğlub etsə, karyeramı bitirərəm. Nə qədər gücümüz varsa, güləşəcəyik. Parisdən sonra yekun qərarı verəcəyəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir