İdman

Azərbaycan Gimnastika Federasiyasının baş katibi: “2023-cü il tarixi nailiyyətlərlə yadda qaldı” – MÜSAHİBƏ

Sharing is caring!


“Batut gimnastikası bizim üçün nisbətən yeni növdür. Federasiyamız 2013-cü ilin sonundan bu növün inkişafına başlayıb. Amma nəticələr özünü çox gözlətməyib”. 

Bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə “Report”un suallarını cavablandırarkən deyib.

AGF rəsmisi cari ildə qazanılan nailiyyətlərdən söz açıb və qarşıdakı hədəflər barədə danışıb.

– Cari ildə ölkəmizdə keçirilmiş yarışlarla bağlı təəssüratlarınız necədir?

– 2023-cü ildə gimnastikanın olimpiya növləri üzrə Dünya Kuboklarına ev sahibliyi etmişik. Bu, fevral, mart və aprel aylarını əhatə edib. Mayda bədii gimnastika üzrə Avropa çempionatı təşkil olundu. Burada əldə olunan nəticənin Azərbaycanın tarixində mühüm rolu var. İlk dəfə qrup hərəkətləri komandamız qitə çempionu adına layiq görüldü. Düşünürəm ki, bu, komandamızın lideri Zöhrə Ağamirovanın da idmançı karyerasında dönüş nöqtəsi idi. Çünki o da bürünc mükafat əldə etdi. Apreldə gənclər və böyüklər arasında beynəlxalq “AGF Trophy” də keçirilib. Sentyabrda ilk dəfə Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir gerçəkləşdi. 2016-cı ildən etibarən Bakıda hər il orta hesabla 5-6 yarış keçirilir. İlk dəfə paytaxtdan kənarda belə turnir oldu. Qubada bədii gimnastika üzrə Azərbaycan birinciliyi təşkil etdik. Gələcəkdə bunu ənənəyə çevirməyi planlaşdırırıq. Ümumiyyətlə, bölgələrdə daha çox yarışın reallaşması bu idman növünün inkişafına təkan verəcək. Biz Quba Olimpiya Kompleksinə gələn azarkeş sayından görürük ki, bölgələrdə gimnastikaya, xüsusilə bədii gimnastikaya maraq böyükdür. Bu turnirlərin keçirilməsi gələcəkdə yığmada bölgə gimnastlarının daha çox olacağına ümidimizi artırır. Noyabrda isə “Ocaq Sport” klubunun beynəlxalq “Ocaq Cup” yarışı baş tutdu. Artıq ikinci dəfə keçirilirdi. Bundan əlavə, milli yarışlarımız da olub. Altı gimnastika növü üzrə turnirlər təşkil edirik. Bunlar da yekunlaşmaq üzrədir.

– İlin sonuna qədər hansı planlar var?

– Qarşıda bizi batut və tamblinq gimnastikası üzrə yerli yarışlar gözləyir. Dekabrın 10-da turnirlərə yekun vurulacaq. Ümumiyyətlə, bu sonuncu yarış olacaq. Milli Gimnastika Arenasında iki şou xarakterli tədbir də nəzərdə tutulub. Onlardan biri “Ocaq Spor” klubunun 10 illiyi ilə bağlıdır. Bu klubun gimnastları dekabrın 9-da Milli Gimnastika Arenasındakı şouda iştirak edəcəklər. Dekabrın 27-də Bakıda eyni arenada yeni il şousu gerçəkləşəcək. Bu artıq ənənə halını alıb. Bu ildə də bütün gimnastika növləri üzrə yığma üzvləri yeni il şousuna qatılacaqlar. Hər iki tədbir üçün biletlər artıq satışdadır.

– Zöhrə Ağamirova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Daha neçə idmançının mötəbər yarışda iştirak ehtimalı var?

– Zöhrə İspaniyanın Valensiya şəhərində gerçəkləşən dünya çempionatında buna nail oldu. Bu, onun ikinci olimpiya lisenziyasıdır. Ümid edirik ki, Zöhrə Ağamirova ölkəmizi layiqincə təmsil edəcək. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın da Paris-2024-ə qatılmaq şansı var. Onlar hazırda Avropa çempionatına hazırlaşırlar. Qitə yarışında olimpiadaya lisenziya oynanılacaq. Ümid edirik ki, yığmamız lisenziya əldə etməyi bacaracaq.

– Kişi gimnastlardan lisenziya gözlənilir?

– Dünya Kuboku, Avropa və dünya çempionatlarında lisenziyalar oynanılır. İvan Tixonovun qarşıdakı Avropa çempionatında çoxnövçülükdə bunu əldə etmək ehtimalı var. Nikita Simonov da halqa ilə alətlərdə fərqlənir. Dünya Kubokları vasitəsi ilə olimpiadaya vəsiqə qazana bilər. 2024-cü ildə bir neçə Dünya Kuboku təşkil ediləcək. Nəticələrə əsasən, lisenziya şanslarımız olacaq. Qadın idman gimnastikasında isə Nazənin Teymurovanın lisenziya şansı var. O, həm Avropa çempionatında, həm də Dünya Kubokunda bunun üçün çalışacaq. Batut gimnastikasında Selcan Mahsudovanın lisenziya əldə edə biləcəyi gözlənilir. Bu növdə isə yalnız dünya və Avropa çempionatında lisenziya uğrunda mübarizə aparılır.

– Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iki qızıl medal qazanıldı. Bu nəticəni gözləyirdiniz?

– Bu, tarixi hadisə idi. Tamblinq üzrə milli komandamız ilk dəfə çempion oldu. Mixail Malkin də bu növdə qızıl medala sahib çıxdı. O, 2018-ci ildə Bakıda keçirilən Avropa çempionatında qızıl medal əldə etmişdi. Bundan sonra isə Malkindən dünya çempionluğu gözlənilirdi. Daha əvvəl zədə və başqa səbəblərə görə bu nailiyyəti qazana bilmirdi. Bəzən müəyyən səhvlər də buraxırdı. Artıq ondan gözlənilən nəticəni dünya çempionatında göstərə bildi. Komanda hesabında əldə edilən qızıl medal da tarixi hadisədir. Burada Malkin yoldaşları ilə birlikdə çox gözəl çıxışlar nümayiş etdirdilər. Tofiq Əliyev və Adil Hacızadəni xüsusi vurğulamaq istəyirəm. Bu, onların dünya çempionatında debüt çıxışları idi. Təcrübələrinin az olmasına baxmayaraq, yaxşı nəticə qazandılar. Tofiq Əliyev həmçinin finala da vəsiqə qazanmışdı. O, Malkinlə bərabər çıxışlarına görə ilk dördlüyə düşə bilmişdi. Adil Hacızadə də nəticəsinə görə finalda iştirak edə bilərdi. Lakin qaydaya görə, bir ölkədən yalnız iki gimnastın həlledici raunda qatılmaq şansı var.

– Gimnastlarımız Birmingemdə batut və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışlarından da medallarla qayıtdılar…

– Batut gimnastikası bizim üçün nisbətən yeni növdür. Federasiyamız 2013-cü ilin sonundan bu növün inkişafına başlayıb. Amma nəticələr özünü çox gözlətməyib. İlya Qrişunin Bakıda keçirilmiş I Avropa Oyunlarında bürünc medal qazanıb. Daha sonra gənclərimiz 2019-cu ildən batut gimnastikasında layiqli çıxışları ilə fərqləniblər, medallarla ölkəmizə qayıdıblar. Bu dünya yaş qrupları da istisna olmadı. Aleksey Karataşov tamblinq üzrə bürünc medal əldə etdi. Bu isə o deməkdir ki, Azərbaycanda bir-birini əvəz edəcək gənc nəsil var.

– Başa çatan ili federasiyanız üçün necə qiymətləndirirsiniz?

– Bu ili uğurlu hesab etmək olar. Çünki 2023-cü il tarixi nailiyyətlərlə yadda qaldı. Bayaq qeyd etdiyimiz titullarla yanaşı, akrobatlarımız da Avropa çempionu adına layiq görülmüşdülər. Yeddi qızıl və iki gümüş medal əldə edilmişdi. Bütün bu nəticələr bizi sevindirir.

Ümid edirik ki, idmançılarımız növbəti illərdə də bizi sevindirəcəklər. İdman dəyişir, gimnastika növləri də inkişaf etməlidir. Bizim idmançılar da günün nəbzini tutaraq idmançı karyeralarını daha da inkişaf etdirəcək və ölkəmizi layiqincə təmsil edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir