İdman

Azərbaycanlı voleybolçu üçün mövsüm vaxtından əvvəl bitdi – SƏBƏB

Sharing is caring!


Azərbaycan millisinin və “Xarı Bülbül” klubunun əməliyyat olunan voleybolçusu Tural Həsənli mövsümü başa vurub.

Bu barədə “Report”a Şuşa təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov məlumat verib.

Mütəxəssis 33 yaşlı oyunçunun yalnız növbəti mövsümə hazır olacağını vurğulayıb:

“Çünki ağır əməliyyat keçirdi. Biz xəstəxanaya çatdıranda həkimlər deyirdi ki, 15-20 dəqiqə gec gətirsəydiniz, onu itirə bilərdik. Əməliyyata götürüləndə bizdən izahat aldılar. Həmin vaxt bildirdilər ki, həyatda qalma ehtimalı 20 faizdir”.

Rəcəbov dünən voleybolçunun yanında olduğunu söyləyib:

“Hazırda yaxşıdır, səhhətində irəliləyiş var. Təxminən bir həftə xəstəxanada qalacaq. Daha sonra evə buraxılacağı gözlənilir. Bir sözlə, gedişat yaxşıya doğrudur”.

33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb. Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçu bağırsağından ağır əməliyyat keçirib.

Qeyd edək ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir