İdman

Şahruddin Məhəmmədəliyev: “Seçmə mərhələdəki nəticəmiz qənaətbəxş deyil” – MÜSAHİBƏ

Sharing is caring!


“Seçmə mərhələdəki nəticəmiz qənaətbəxş deyil”.

Bunu Azərbaycan millisinin və Türkiyənin “Adana Demirspor” komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycan yığması “Avro-2024”ün seçmə mərhələsində mübarizə apardığı F qrupunu 7 xalla dördüncü pillədə başa vurdu. Milli komandanın çıxışını necə dəyərləndirirsiniz?

– Bu barədə çox danışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, nəticə qənaətbəxş deyil. Başqa nə söyləmək olar?

– Necə düşünürsünüz, daha çox xal toplamaq olmazdı?

– Əlbəttə, olardı. Lakin bəzi uğursuz oyunlarımız oldu. Düşünürəm ki, hətta daha az xal da toplaya bilərdik. Futbolda hər şey mümkündür.

– Bakıda İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldiyiniz matçdan sonra səfərdə Belçikaya 5 cavabsız qolla uduzdunuz. Halbuki, azarkeşlər yığmadan daha inamlı mübarizə gözləyirdi. Məğlubiyyətə nə səbəb oldu?

– Biz özümüz də Belçikaya qarşı yaxşı oyun keçirəcəyimizi gözləyirdik. Çünki matça ciddi hazırlaşmışdıq. Amma bu cür rəqiblə hətta bərabər heyətlə oynamaq ağırdır. 24-cü dəqiqədə azlıqda qaldıqdan sonra isə artıq oyun göstərmək qeyri-mümkündür. Bundan sonra ancaq müdafiə olunursan və topu uzaqlaşdırmağa çalışırsan.

– Matçdan əvvəl Azərbaycan Dövlət Himni ilə bağlı qalmaqal yaşandı. Bizim himnimizin əvəzinə İsveçin himni səsləndi. Sizcə, bu, sırf texniki səhv idi, yoxsa təxribat?

– Xeyr, bunun təxribat olduğuna inanmıram. Sadəcə, texniki səhv idi. Çünki özləri də buna görə üzr istədilər və dərhal reaksiya verdilər.

– Belçika ilə matçdan sonra keçirilmiş mətbuat konfransında yığmanın baş məşqçisi Canni De Byazi ilə azərbaycanlı jurnalistlər arasında insident baş verdi. İtaliyalı mütəxəssis media nümayəndələri ilə bağlı sonradan geniş müzakirələrə səbəb olan ifadələr işlətdi. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdim…

– Aydın məsələdir ki, belə hərəkət etmək olmaz. Bu, hansısa başqa ölkənin jurnalistlərinə qarşı olsaydı, haradasa başa düşmək olardı. Təbii ki, bunun özü belə, doğru deyil. Bunlar isə bizim öz jurnalistlərimizdir. Heç bir halda, xüsusilə, digər ölkə nümayəndələrinin qarşısında insanları bu cür alçaltmaq olmaz.

– Yeri gəlmişkən, sabah Canni De Byazi ilə bağlı AFFA İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək. Hansı qərarı gözləyirsiniz?

– Bu, mənim işim deyil. Mənim vəzifəm futbol oynamaqdır. Milli komandaya lazımamsa, hər zaman meydanda ölkəm üçün bütün gücümü ortaya qoymağa hazır olacağam. Kimisə istefaya göndərmək və ya baş məşqçi təyin etmək mənə aid olan məsələ deyil.

– Sizcə, italiyalı mütəxəssislə müqavilənin müddəti yenilənməlidir, yoxsa artıq dəyişikliyin vaxtı çatıb?

– Əsas odur ki, istənilən addım Azərbaycan futbolunun və milli komandanın xeyrinə olsun.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir