İdman

Rahid Əmirquliyev: “Yığmamız qrupda daha çox xal toplaya bilərdi” – MÜSAHİBƏ

Sharing is caring!


“Yığmamız qrupda daha çox xal toplaya bilərdi”.

Bunu Azərbaycan yığmasının sabiq futbolçusu Rahid Əmirquliyev Futbolinfo.az saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Millimiz Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçə qalib gəlməklə hər kəsi təəccübləndirdi. 3:0 hesablı qələbə sizin üçün də sürpriz oldu?

– Sevindirici haldır ki, yığmamız böyükhesablı qələbə qazandı. Bu hesabı oyundan öncə kiminsə təxmin edəcəyinə inanmıram. Amma millimizin İsveçlə görüşdə xal qazana biləcəyinə inam var idi. 3:0 hesabını isə yəqin ki, heç kim gözləmirdi. Komandamız yaxşı oynadı və layiqli qələbə qazandı.

– Nə baş verdi ki, səfərdə 0:5 hesabı ilə uduzduğumuz İsveçə öz meydanımızda üç cavabsız topla qalib gəldik?

– İsveç yığması kimi komandaya 3:0 hesabı ilə qalib gəlmək çox yaxşı haldır. Rəqib zəif deyildi. Belə qələbənin necə baş verdiyini bilmirəm. Amma onu deyim ki, açıq-aşkar üstün tərəf biz idik. Uşaqlar əla təsir bağışladılar. İnşallah, qələbələr davamlı olar.

– Emin Mahmudovun meydanın mərkəzindən vurduğu qol haqda da fikirləriniz maraqlıdır. Dünya futbolunda nadir hallarda rast gəlinən qola imza atdı…

– Emin bu oyunda ən yaxşılardan idi. Düzdür, bütün uşaqlar əla mübarizə apardılar. Ancaq Emin Mahmudovun o qolu futbolçunun səviyyəsini göstərir. Həmin anda saniyə söhbətidir ki, rəqib qapıçını görüb, zərbə vurmağı düşünəsən. İsveç yığmasının qolkiperi ikinci hissədə tez-tez irəli çıxırdı. Bir epizodda Toral Bayramov da aşırma zərbə ilə onu cəzalandırmaq istəyirdi. Ondan fərqli, Mahmudov istəyinə çatdı. Emin ustalıq səviyyəsi yuxarı olan futbolçudur. Həqiqətən də gözəl qol vurdu.

– AFFA oyundan öncə siz və digər sabiq milli üzvlərini təltif etdi. Bu haqda nə deyə bilərsiniz?

– Həm AFFA-nın baş katibi Sərxan Hacıyevə, həm də gənclər və idman nazirinə təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, belə bir tədbir təşkil etdilər. Verdikləri dəyərə görə minnətdaram. Əvvəllər belə şeylərə az rast gəlirdik, halbuki tez-tez olmalıdır. Digər veteran futbolçuları da oyunlara dəvət etsinlər, belə tədbirlər keçirsinlər. Çox xoş an idi. Bizi unutmadıqlarına görə bir daha təşəkkür edirəm. İstərdim ki, bütün veteran futbolçularımıza dəyər verilsin.

– İsveç üzərindəki qələbədən sonra Belçika səfərində komandamızdan hansı nəticəni gözləyirsiniz? Səfərdə də sensasiya etməyə gücümüz çatarmı?

– Əlbəttə, 3:0 hesablı qələbədən sonra millidə əhval-ruhiyyə əla olmalıdır, Belçika ilə matça yaxşı hazırlaşmalıdırlar. Belçikada da qələbə qazanmaqlarını istəsəm də, düşünürəm ki, çox çətin olacaq. Çünki rəqib çox güclüdür. Üstəlik, səfərdə oynayacağıq. Bunları nəzərə alaraq, yığmamızın Belçikaya da qalib gələcəyinə inanmıram. Amma istərdim ki, heç olmasa, bir xalla evə dönsünlər.

– Hamı bu fikirdədir ki, yığmanın hazırkı heyəti ilə daha çox xal qazanmaq olardı. Siz bu barədə nə düşünürsünüz?

– Bəli, hazırkı heyətin potensialı böyükdür. Cavan, perspektivli oyunçularımız çoxdur. Bir neçə futbolçumuz xaricdə çıxış edir. Bundan əlavə, bizim çempionatda yaxşı klublarda əsas heyət üzvü olanlar var. Mən də o fikirdəyəm ki, yığmamız qrupda daha çox toplaya bilərdi.

– Millinin çalışdırıcısı Canni de Byazinin müqaviləsinin sonuna az qalıb. Sizcə, onunla yola davam etmək lazımdır, ya yerinə azərbaycanlı məşqçi təyin edilməlidir?

– Mən həmişə tərəfdarı olmuşam ki, yığmamızda azərbaycanlı məşqçi çalışsın. Yenə deyirəm, hazırkı heyətimiz yaxşıdır. Azərbaycanlı məşqçiyə şans verilsə, ən azı indiki nəticədən pis nəticə olmayacaq. Bu, subyektiv fikrimdir. Təbii ki, baş məşqçi məsələsi ilə bağlı son qərarı AFFA verəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir