İdman

Azərbaycan millisinə ilk dəfə dəvət alan futbolçu: “Bu şansın mənə də düşəcəyini bilirdim”

Sharing is caring!


“Bu vaxta qismət imiş, amma dəvətin olacağını gözləyirdim. Çünki bu şansın mənə də düşəcəyini bilirdim”.

Bunu “Report”a açıqlamasında ilk dəfə Azərbaycan millisinə cəlb edilən “Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov deyib.

İsveç və Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələ matçları üçün yığmaya cəlb edilən 25 yaşlı müdafiəçi bunun davamlı olmasına çalışacağını bildirib:

“Millinin formasını geyinmək şərəfdir. Bunun üçün şadıq. Hər oyunçu yığmada çıxış etmək istəyir. Komandanın daimi üzvü olmaq üçün əlimdən gələni edəcəyəm”.

Manafov “Səbail”də çıxış etdiyi dönəmdə də dəvət gözlədiyini söyləyib:

“Amma həmin vaxt çağırılmamışdım. Çempionatda 28 tur meydanda olanda dedilər ki, səni izləyirlər, onların diqqətində və nəzərindəsən. Bunun davamlı olması da öz əlimdədir”.

Cinah müdafiəçisi qarşıdakı iki görüşlə bağlı fikirlərini bölüşüb:

“Hər iki komanda çətin rəqibdir. Belçika qrup lideridir. İsveç yığması isə qrupdan çıxmaq istəyirdi. Onlar bizimlə qarşılaşmalarda favoritdirlər. Keyfiyyətli, dünyasəviyyəli futbolçuları var. Kağız üzərində favoritdirlər, amma futbol meydanda oynanılır. Komandaya inanıram. Hər iki matçda xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq, vuruşacağıq və buna nail olacağıq. Meydana çıxıb-çıxmamağım isə məşqçilərin verəcəyi qərardır”.

Qeyd edək ki, noyabrın 16-da İsveçi qəbul edəcək Azərbaycan millisi bundan 3 gün sonra Belçikanın qonağı olacaq. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Hesabında 7 xal olan İsveç üçüncüdür. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir