İdman

“Sabah”ın idman direktoru: “Məqsədimiz Monteneqrodakı məğlubiyyətin əvəzini çıxmaqdır”

Sharing is caring!


“Məqsədimiz Monteneqrodakı məğlubiyyətin əvəzini çıxmaqdır”.

Bunu “Report”a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Monteneqro təmsilçisi “Mornar”la keçiriləcək oyunla bağlı danışarkən deyib.

Klub rəsmisi səfərdəki qarşılaşmada qələbəni əldən verdiklərini etiraf edib: “Mornar”la səfər matçında qələbə qazanmaq şansımız olsa da, dəyərləndirə bilmədik. Bu dəfə öz meydanımızda çıxış edəcəyik və hədəfimiz qələbə qazanmaq olacaq”.

Elşən Yusubov “Sərhədçi” İdman Mərkəzində baş tutacaq görüşə hazır olduqlarını bildirib:

“Komanda tam olaraq məşq prosesinə köklənib. Dünən rəqiblə bağlı videotəhlillər oldu və buna uyğun məşqlər davam edir. Bütün heyətlə artıq hazırıq. Desmond Kembricin yüngül zədəsi var idi, sağalmaq üzrədir. Kivon Devenportun əlində narahatlıq var idi, artıq qaydasındadır”.

İdman direktoru komandanın FIBA Avropa Kubokunda cari mövsümdəki nəticələrini yüksək qiymətləndirib:

“Bildiyiniz kimi, əvvəlki mərhələni 3 qələbə ilə keçmişdik. Ancaq indiki mərhələdə komandaların səviyyəsi çox üstündür. Məsələn, Türkiyə “Bağçaşəhər”i və Çexiya “Nimburk”u çox təcrübəli komandalardır. Onlar illərdir ki, öz çempionatlarında güclü rəqiblərlə qarşılaşırlar və qrupumuzun favoritləridir. Hər ikisinin finala qədər irəliləmək şansı var. “Sabah” isə ilk addımlarını atır. Fikrimcə, cari mövsüm nəticələrimiz uğurludur. Çünki artıq bir mərhələ keçmişik. Məncə, növbəti mövsüm bundan da uğurlu ola bilərik”.

Qeyd edək ki, “Sabah” – “Mornar” oyunu noyabrın 8-də, saat 19:00-da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir