İdman

“Əsas sevindirici məqam Fransada himnimizin iki dəfə səsləndirilməsi və bayrağımızın yüksəklərə qalxmasıdır”

Sharing is caring!


“Əsas sevindirici məqam Fransada Azərbaycan himninin iki dəfə səsləndirilməsi və bayrağının yüksəklərə qalxmasıdır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli millinin Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında çıxışı ilə bağlı danışarkən deyib.

Avropa çempionu qitə birinciliyində əldə edilən 2 qızıl medalın böyük uğur olduğunu söyləyib:

“Avropa çempionatı çox gözəl keçdi. Komandamız kişilər arasında birinci yeri tutdu. Bu, böyük uğurdur. Ancaq hələ son deyil. Əsas məqsəd Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır”.

Federasiya rəsmisi qadın cüdoçuların çıxışına da münasibət bildirib:

“Avropa çempionatına gedən bütün idmançılara ümid bəsləyirdik. Hətta qadınlardan da uğurlu çıxış gözləyirdik. Leyla Əliyeva zədələnməsəydi, hesabımıza daha bir medal yazılardı. Çox yaxşı formada idi. Qızlarımız yüksək səviyyədə güləşdilər. Oğlanlar da bacarıqlarını ortaya qoya bildilər. Məşqçilər korpusu bu yarışda kimin nəyə qadir olduğunu gördü. Səhvləri, nəyin üzərində işləmək lazım olduğunu təhlil edəcəklər. İnanıram ki, gələcəkdə daha böyük uğurlarımız olacaq”.

E.Məmmədli Azərbaycanda cüdonun sürətlə inkişaf etdiyini vurğulayıb:

“Bizə bu şəraiti yaradan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm. Onların sayəsində heç bir problemimiz yoxdur. Bu da onu göstərir ki, Azərbaycanda cüdo sürətlə inkişaf edir”.

Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir