İdman

Azərbaycan minifutbol millisinin yarımfinaldakı rəqibi dünya çempionlarını məğlub edib – ARAŞDIRMA

Sharing is caring!


Minifutbol üzrə Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan sayca 4-cü dünya çempionatının yarımfinalında qarşılaşacağı Qazaxıstan yığması turnirin əsas favoritlərindən sayılır.

“Report”un araşdırmasına görə, Pavel Takunun yetirmələrinin bu raunda qədər dünya çempionlarını məğlub etməsi rəqibin gücünün göstəricisidir.

Qrup səddini “birnəfəsə” adlayan Qazaxıstan ilk iki matçında Qana (7:0) və Hindistanın (16:0) qapısından ümumilikdə 23 cavabsız top keçirmişdi. Üstəlik, hər iki rəqibin əvvəldən mundial təcrübəsi var idi. Qazaxlar təşkilatçı ölkə Birləşmiş Ərəb Əmirliklərinin komandası önünə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirərək çıxmışdı. Ev sahibi amilini də nəzərə alsaq, 2:1 hesablı çətin qalibiyyət başadüşüləndir.

Doğrudur, yığmamızdan fərqli olaraq, Qazaxıstan 1/8 və 1/4 final mərhələlərində böyük çətinliklər yaşadı. Komanda hətta hər iki sınaqda yalnız oyunsonrası penaltilər seriyasında üstünlük əldə etdi. Ancaq Pavel Takunun kollektivinin üz-üzə gəldiyi rəqiblər sıradan komandalar deyildi. 1/8 finalda qazaxlara boyun əyən Meksikanın buna qədər baş tutan üç mundialda finala çıxması və son turnirin qalibi olması onun gücündən xəbər verir.

Qazaxıstanın 1/4 finalda məğlub etdiyi Çexiya isə 2017-ci ildə təşkil olunan mundialda kuboku başı üzərinə qaldırıb. Bundan öncəki hər üç dünya çempionatında iştirak etmiş çexiyalılar mayda Bakıda təşkil olunan “Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turnirinin də qalibi olublar. Həmin turnirə Qazaxıstan da qatılmışdı. Maraqlıdır ki, yarımfinalda məhz Çexiyaya uduzan qazaxlar 3-cü yer uğrunda görüşdə yığmamızı oyunsonrası penaltilərlə üstələməyi bacarmışdılar.

Millimizin yarımfinaldakı rəqibinin heyəti heç də həvəskarlardan qurulmayıb. Elə baş məşqçi Pavel Taku özü sabiq futzalçıdır. 35 yaşlı mütəxəssis futzal üzrə yığmada da çıxış edib. Həmçinin komanda üzvlərindən Bakir Dyikanbayev də minifutbola futzaldan gəlib.

Qapıçı Aleksandr Ruşinas, kapitan Aleksandr Kislitsin, eləcə də Uralbek Yeqizbayev, Baktiyar Zuşnov və Nursultan Zussupov isə vaxtilə peşəkar səviyyədə böyük futbolla məşğul olublar. Onlardan Kislitsin hətta Qazaxıstanın futbol yığmasında 25 oyun keçirib. 37 yaşlı müdafiəçi AVRO-2012-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşmalara da dəvət alıb. O, heyətdə yer alsa da, meydana çıxmayıb.

Bir sözlə, Azərbaycan millisi ilk dəfə qatıldığı dünya çempionatında ən ciddi sınağını məhz Qazaxıstan önündə verəcək.

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Yarımfinalın digər cütündə Rumıniya ilə Macarıstan qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir