İdman

“İrəvan”da xal qalacaq?

Sharing is caring!


Futbolçuları məşqə və oyunlara çıxmaqdan imtina edən “İrəvan” klubunda vəziyyət dəyişməyib.

Oxu.Az xəbər verir ki, komanda üzvləri məvacibləri ödənənə qədər nə hazırlıq prosesinə qatılacaqlarını, nə də meydana çıxacaqlarını bildiriblər.

Klub hələ də problemi həll etməyi bacarmayıb. Komanda oyunçuların boykotu səbəbindən I Liqanın V turunda “İmişli” ilə səfər matçına çıxa bilməyib. Bu səbəbdən AFFA İntizam Komitəsi komandaya texniki məğlubiyyət verəcək.

Oktyabrın 26-da “İrəvan” “Şamaxı” ilə ev oyununa çıxmalıdır. Əlbəttə, meydanda mübarizə aparacaq oyunçu tapılsa. Hazırda baş məşqçi Nazim Süleymanovun sərəncamında cəmi 5-6 nəfər var. Digər oyunçular fikirlərindən dönmək niyyətində deyillər. Onlar əsasən komandanın aparıcı üzvləridirlər.

Üç gün ərzində “İrəvan”da problem yoluna qoyulmasa, komanda “Şamaxı” ilə matça da çıxa bilməyəcək. Bu isə yekunda klubun I Liqadan kənarlaşdırılması ilə nəticələnəcək. Çünki qaydalara görə, analoji hal ikinci dəfə təkrarlansa, komandanın xalları silinəcək, nəticələri ləğv olunacaq və çempionatdan uzaqlaşdırılacaq.

“İrəvan” rəhbərliyi oyunçuları razı salmaq üçün matç gününə qədər biraylıq maaşlarını vermək niyyətindədir. Lakin futbolçular daha əvvəl bütün məvacibin ödənməsini tələb ediblər. Eyni zamanda onlar zədəli oyunçuların müalicə xərclərinin də qarşılanmasını istəyirlər.

Hazırda klubda qarışıq durumdur. “İrəvan”ın “Şamaxı” ilə oyununun baş tutub-tutmayacağı sual altındadır.

Qeyd edək ki, komanda dörd matçda topladığı 10 xalla I Liqanın turnir cədvəlində üçüncüdür.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir