İdman

FİA-dan Ukrayna və Qarabağdakı münaqişələrə fərqli münasibətlə bağlı açıqlama

Sharing is caring!


Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Məhəmməd bin Sulayem Ermənistanla hərbi münaqişə fonunda Azərbaycanın niyə “Formula-1” təqvimindən kənarda qalmadığını və 2023-cü ilin dekabrında keçiriləcək mükafatlandırma mərasiminə ev sahibliyi etmək hüququndan məhrum edilmədiyinə dair açıqlama verib.

“Biz həm din, həm də siyasət məsələlərində neytral qalmalıyıq. Nizamnaməmizdə belə deyilir. Bu qaydaları mən fikirləşməmişəm, lakin onlara əməl edilməlidir. Əks halda bunların nə mənası var? Sadəcə özümüzü axmaq yerinə qoyarıq.

Mən (Azərbaycan və Ermənistan arasında) nə baş verdiyini başa düşürəm. Amma eyni zamanda, hazırda silahlı münaqişələrin getdiyi azı 20 ölkənin adını çəkə bilərik. Axı mən kiməm ki, kimin düz, kimin haqsız olduğunu deyim? Siz kimsiniz ki, bunu mühakimə edəsiniz?” – deyə Sulayem bildirib.

Jurnalistlərin FİA-nın 2022-ci ilin fevralında Ukraynada baş verən hadisələrdən sonra Rusiyada yarış keçirməkdən imtina etməsi və rusiyalı pilotların iştirakını məhdudlaşdırması ilə bağlı iradına federasiya prezidenti belə cavab verib:

“Biz bu qərarı nizamnaməmiz (neytrallıq) əsasında vermişik. Mən özüm də bunun əleyhinə idim. Amma biz növbədənkənar iclas çağırdıq və iştirakçıların istədiyini etdik. Onların səsi üstünlük təşkil edirdi. Mən federasiya nümayəndələrinin istəklərini həyata keçirmək üçün seçildim. Mən özüm də federasiyanın nümayəndəsiyəm”.

Xatırladaq ki, 2022-ci ilin avqustunda “Formula-1”in baş direktoru Stefano Domenikali demişdi ki, çempionatın Rusiyaya qayıtmasından söhbət gedə bilməz.

Mənbə: Autosport

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir