İdman

Millinin baş məşqçisi: “Kişi və qadın badmintonçumuzun olimpiadada iştirak etmək şansları var” – FOTO

Sharing is caring!


“Kişi və qadın badmintonçumuzun olimpiadada iştirak etmək şansları var”.

Bunu “Report”a açıqlamasında badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi deyib.

Mütəxəssis kişilərdə Edi Reski Dviçayo, qadınlarda isə Keişa Fatimə Zəhranın Parisdəki yarışa qatıla biləcəyini söyləyib:

“Dünya Badminton Federasiyasında (BWF) olimpiada üçün son bir ilin nəticələri nəzərə alınır. Yəni, 2023-cü il mayın 1-dən 2024-cü il aprelin 28-dək olan reytinq xalları hesablanır. Reytinqləri yüksək olanlar Yay Olimpiya Oyunlarında iştirakı təmin edəcəklər. Dviçayo hazırda dünya reytinqində 64-cü, Avropada 11-ci, olimpiya reytinqində isə 24-cü pillədə qərarlaşıb. Bu, çox gözəl nəticədir. Nəzərə almalıyıq ki, yarışlar aprelin 28-dək davam edəcək. O, çox potensiallı idmançıdır və daha əvvəl Azərbaycanı Tokiodakı Yay Olimpiya Oyunlarında fəxrlə təmsil edib. Onu da demək istəyirəm ki, turnirdə beş kateqoriyada 15 dəst medal uğrunda mübarizə aparırlar və 34 badmintonçu yarışda yer alır. Edi üç gün bundan əvvəl Niderlandın Hertogenboş şəhərində keçirilən “International challenge” kateqoriyalı “YONEX Dutch Open 2023” turnirində yarımfinala yüksəlməklə 2 800 reytinq xalına da sahib çıxıb”.

İranlı baş məşqçi qadın badmintonçu Keişa Fatimə Zəhra haqqında da fikirlərini bölüşüb: “O, Azərbaycanda qadın badmintonunun da inkişaf etdiyini göstərib. Dünya reytinqində 65-ci, Avropada 21-ci, olimpiya reytinqində isə 25-ci sıradadır. Bu il bir çox yarışda medallar qazanıb. Onun da Paris-2024-də iştirak etmək üçün yaxşı şansı var və potensiallı idmançıdır. Parisdə Azərbaycanı təmsil etməyi planlaşdırır”.

Morteza Validarvi federasiya ilə yanaşı, Gənclər və İdman Nazirliyinin də onlara yüksək səviyyədə dəstək olduğunu vurğulayıb:

“Qazanılan uğurların davamlı olmasını istəyirəm. Biz daha əvvəl yarışların təsnifat mərhələlərində iştirak edirdik. İndi isə birbaşa bu turnirlərin əsas mərhələsində mübarizə aparırıq. Bu isə onu göstərir ki, Azərbaycan təmsilçiləri yaxşı səviyyədədirlər. Nazirlik və federasiya ilə birlikdə bu nailiyyətlərə imza atırıq”.

Mütəxəssis Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın sabah Əlcəzairdəki beynəlxalq turnirdə mübarizə aparacaqlarını da xatırladıb.

Qeyd edək ki, Azərbaycan badminton idman növündə ilk dəfə 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında təmsil olunub. Edi Reski Dviçayo mötəbər turnirə qatılıb. Keişa Fatimə Zəhra Parisdəki yarışda iştirak edəcəyi təqdirdə, bu növdə ölkə adından çıxış edən ilk qadın badmintonçu kimi tarixə düşəcək.

Badminton ilk dəfə 1992-ci ildə İspaniyanın Barselona şəhərindəki olimpiadada proqrama salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir