İdman

Ağatahir Əzimov: “Millidə keyfiyyətli futzalçı azdır”

Sharing is caring!


“Millidə keyfiyyətli futzalçı azdır və o səviyyədə yerli oyunçu da yoxdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Ağatahir Əzimov deyib.

49 yaşlı mütəxəssis yığmanın DÇ-2024-ün elit mərhələsində Qazaxıstana 2:3 hesabı ilə məğlub olduğu səfər oyununu dəyərləndirib. O, əsas problemi eyni gücə malik iki heyətin olmamasında görür:

“Uşaqlar gücləri çatan qədər mübarizə apardılar. Sadəcə, Qazaxıstan dünyanın ən güclü 3-4 komandasından biridir. Bizim oyunçular ötən iki oyunda onlardan heç də geri qalmadılar. Yığmamızın ilk “dördlüy”ündəki braziliyaəsilli oyunçular güclüdürlər. Ancaq onlar əvəzlənəndə oyun dəyişir, komanda zəif təsir bağışlayır. Qazaxıstan yığmasının üstünlüyü qapıçısının irəlidə oynamasıdır. Belədə komandamız təzyiq altında çıxış etməli olurdu. Nəticədə pressinqə tab gətirə bilmədilər. Elə hesabı da qapıçılarının irəli çıxmasından istifadə edərək açdıq”.

A.Əzimov baş məşqçi Vitali Borisovun təcrübəsizliyinin bu məğlubiyyətlərdə rol oynamadığını düşünür: “Baş məşqçilik heç nə yox idi. Vitali Borisov öz işini uğurla görürdü. Bakıda keçirilən oyunda da yığma pis təsir bağışlamadı. Cəmi 5-6 gün təlim-məşq toplanışında olmuşdular. Qazaxıstanda isə uşaqlar daha yaxşı oynadılar. Problem ondadır ki, futzalçılarımızın bir neçəsi ölkə xaricində çıxış edirlər. Klubları da onları tez buraxmırlar. Yığma toplaşanda kollektivin uyğunlaşmasına bir neçə gün vaxt lazım olur. Bizdə isə bu imkan olmur. Rumıniyaya məğlubiyyətin də səbəbini məhz bunda görürəm. Amma Niderlandla qarşılaşmaya rahat hazırlaşdıqları üçün tam fərqli oyun ortaya qoydular. Komandamız Qazaxıstana qarşı da ikinci oyunu daha yaxşı keçirdi. Millinin əvvəlki baş məşqçisi Joze Alesio Da Silvanın işi asan idi. Çünki həm o özü, həm də milli üzvlərinin, demək olar ki, hamısı “Araz-Naxçıvan”da çıxış edirdi. İlboyu eyni heyətə məşq keçirdi. Amma indi Vitali Borisov toplanışa başlayır, yığma üzvlərinin sonradan komandaya qoşulmalarını gözləyir”.

U-19 millisinin sabiq çalışdırıcısı son iki turda Rumıniya və Niderland önündə yığmadan qələbə gözləyir: “Nəyin bahasına olur-olsun, son iki oyunda mütləq qalib gəlməliyik. Ondan sonra Rumıniyanın büdrəməsini gözləməliyik. 9 xalın bizə kifayət edib-etməyəcəyi hələ bilinmir. Əslində, rumınları səfərdəki qarşılaşmada da məğlub etməli idik”.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu dekabrın 15-də Bakıda Rumıniyaya qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir