İdman

MARCET futbol akademiyasına 15 azərbaycanlı yeniyetmə qəbul olunub – FOTO/VİDEO

Sharing is caring!


ASTA (Azerbaijan Sports Talents Academy) rəhbərliyi tərəfindən ölkəyə dəvət olunmuş İspaniyanın dünyaca tanınmış MARCET futbol akademiyasının 2 nəfər təcrübəli mütəxəssisi ölkənin futbol klublarından seçilmiş 2008-2009-cu il təvəllüdlü 51 nəfər yeniyetmə futbolçular arasından adıçəkilən tədris-təlim mərkəzində növbəti 4 il müddətinə beynəlxalq standartlara cavab verən müasir səviyyədə təhsil almaq, habelə Avropa futbolunda sərgilənən unikal bacarıqlara yiyələnmək məqsədi ilə müvafiq seçim prosedurlarından sonra 15 yeniyetmənin namizədliyini təsdiqləyib.

Bu barədə  Azərbaycan İdman İstedadları Akademiyası məlumat yayıb.

Bildirilib ki, seçilmiş yeniyetmələrin MARCET akademiyasında olduqları müddət ərzində təhsil, təlim və yaşayışla bağlı bütün xərcləri ASTA tərəfindən tam şəkildə qarşılanacaqdır. Burada əsas məqsəd yaxın gələcəkdə futbol üzrə milli komandamızın, habelə Azərbaycan premyer liqasında çıxış edən yerli klubların lazımi sayda gənc futbolçulara olan tələbatını təmin etmək və bununla da ölkə idmanının inkişafına layiqli töhfə verməkdir.

Məlumat üçün bildiririk ki, 10 oktyabr 2023-cü il tarixində MARCET akademiyasının mütəxəssisləri tərəfindən seçilmiş 14-15 yaş arasında olan 15 nəfər yeniyetmənin Heydər Əliyev Beynəlxalq Aeroportundan ASTA rəhbərliyinin və həmin yeniyetmələrin valideynlərinin iştirakı ilə İspaniyaya yola salınmaları mərasimi həyata keçirilib. Yola salınma tədbirində ASTA-nın prezidenti Rafael Bunyatov və icraçı direktoru Vəliyulla Bunyatov çıxış edərək yeniyetmələrə gələcək fəaliyyətlərində böyük uğurlar arzulamış, onlara qarşıda duran əsas vəzifələri kimi tədris-təlim prosesinə böyük məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.

Yola salınan yeniyetmələr artıq MARCET akademiyasında tədris-təlim prosesinə cəlb olunublar və hətta İspaniya A seriyasının müxtəlif komandalarının futbolçuları ilə yoxlama-sınaq məşqlərində də iştirak ediblər.

Xüsusi olaraq vurğulamaq istərdik ki, ölkənin futbol klublarından xüsusi bilik və bacarıqları olan yeniyetmə futbolçuların ASTA tərəfindən dəvət olunacaq təcrübəli xarici mütəxəssislər tərəfindən seçilərək İspaniyanın MARCET akademiyasına və dünyanın digər nüfuzlu idman mərkəzlərinə göndərilməsi prosesinin davamlı olaraq hər il həyata keçirilməsi nəzərdə tutulub.

Ümid edirik ki, İspaniyanın MARCET akademiyasında müəyyən olunmuş müddətdən sonra təhsil və idman təlimi proseslərini uğurla başa vurduqdan sonra vətənə qayıdacaq gənc milli futbolçularımız ölkə futbolunun gələcək inkişafı naminə əllərindən gələni əsirgəməyəcək, həmçinin ASTA rəhbərliyi tərəfindən onlara göstərilən yüksək etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir