İdman

Azərbaycan Premyer Liqası: Sürprizlərlə zəngin dövrə nə göstərdi? – TƏHLİL

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrədən sonra yaranan mənzərə həm gözlənilməzdir, həm müəyyən mənada qəribədir, həm də rəqabətin yüksək səviyyədə olduğunun göstəricisi hesab olunmalıdır. Sürprizlərlə zəngin olan ilk dövrə proqnozları alt-üst etdi.

Yəqin ki, mövsümdən öncə ilk doqquz turun yekununda “Zirə”nin zirvədə qərarlaşacağını təxmin edənlər elə də çox deyildi. Yalnız, bəlkə, qəsəbə təmsilçisinin ən optimist azarkeşləri buna ümid edirdilər. Qətiyyən bununla Rəşad Sadıqovun komandasının hazırkı mövqeyinə uyğun olmadığını iddia etmirik. Komanda nəticəyə oynayır və ən əsası – bunu əldə edə bilir. Lakin praqmatik oyun üslubu, xüsusən, son illərin futbolunda uğur üçün kifayət etmir. Hətta Dieqo Simeone kimi mütəxəssis də zaman keçdikcə bundan imtina edir. Bununla belə, heyətinin potensialına görə “Zirə” bir növ bu üslubda çıxış etməyə məcburdur. Komandasının gücünü düzgün qiymətləndirən Sadıqov da eyni yanaşmanı sərgiləyir.

“Zirə”nin sona qədər çempionluq mübarizəsində olduğunu iddia etmək çətindir. Bu cür oyun üslubuna üstünlük verən komandaların gözlənilməz məğlubiyyətləri də az olmur. Ancaq onsuz da, “qartallar”ın əsas məqsədi avrokuboka vəsiqədir. Yaxşı start ali hədəfə gedən yolda “Zirə” üçün böyük üstünlük olacaq.

“Qarabağ” favorit adına uyğun oyun sərgiləyən və nəticələr qazanan yeganə kollektivdir. Komanda yayda bir neçə əsas oyunçusunu itirsə də, yeni gələnlər böyük ölçüdə uyğunlaşa biliblər. “Atlılar” həm Avropa Liqasında qrup mərhələsinə əla start veriblər, həm də artıq Premyer Liqada güc fərqini ortaya qoymağa başlayıblar. Düzdür, komanda artıq iki dəfə məğlub olub və bu, ağdamlıların ölkə çempionatı performansı üçün xarakterik deyil. Lakin “Sabah” və “Neftçi” üzərində əldə edilən inamlı qələbələr Qurban Qurbanovun “drujina”sının yenidən çempionluğa ən real namizəd olduğunu sübut etdiyini demək üçün kifayətdir.

“Səbail”in üçüncü sırada qərarlaşması da gözlənilməzdir. Əslində, paytaxt təmsilçisinin ötən mövsüm son turda elitada yerini qoruması da gözlənilməz olmuşdu. Klubun büdcəsi daha yaxşısını etməyə imkan verirdi. Görünür, baş məşqçi Şahin Diniyev potensialdan daha yaxşı istifadə etməyi bacarır. Heyətin düzgün formalaşdırılması, dəqiq transferlərin edilməsi “dənizçilər”in hazırkı mövqeyini normal qarşılamağa əsas verir. Komanda həm baxımlı, cəsarətli futbol göstərir, həm də yaxşı nəticələr əldə edir.

“Araz-Naxçıvan” ilk dövrənin əsas sürprizidir. Azər Bağırovun komandası aşağı liqadan gələn kollektivin autsayder olacağı mifini dağıtmaqdadır. Yayda ardıcıl legioner transferlərinin edilməsi hətta klubu gülüş obyektinə çevirsə də, qazanılan nəticələr fəaliyyət istiqamətinin doğru seçildiyini deməyə əsas verir. Azər Bağırov qısa müddət ərzində formalaşdırdığı heyətə oyun fəlsəfəsinin təməl prinsiplərini aşılaya bilib və bu, effekt verir. Düzdür, “Araz Naxçıvan”ın yekun sıralamada ilk dördlükdə qərarlaşmaq ehtimalı azdır, ancaq artıq doqquz tur kifayət edib ki, kollektiv özündən bəhs etdirməyi bacarsın.

“Neftçi”nin çempionluğa əsas iddiaçılardan olacağı gözlənilsə də, hələlik reallıq proqnozlarla üst-üstə düşmür. Düzdür, “ağ-qaralar” liderlərdən cəmi yeddi xal geri qalırlar və qarşıda üç dövrənin olduğunu nəzərə alsaq, bunu aradan qaldırmaq mümkündür. Lakin eyni zamanda, bir dövrə üçün yeddi xallıq fərq çoxdur. Komandanın yeni baş məşqçi Adrian Mutunun sisteminə uyğunlaşması zaman alır. Transferlər çoxdur və onlar oyun üslubuna adaptasiya olmalıdırlar. Paytaxt təmsilçisi son görüşdə “Qarabağ”a yenilsə də, bəzi müasir oyun elementlərinin görülməsi gələcək üçün ümid yaradır. Mutunun sabit start heyəti formalaşdırması, yeni oyunçuların uyğunlaşması ilə tam potensialını ortaya qoymağı bacaran “Neftçi” çempionluğa əsas iddiaçılardan ola bilər. İlk dövrə yaxşı keçməsə də, qarşıda vəziyyəti dəyişmək üçün vaxt və bacarıq kifayət qədərdir.

“Turan Tovuz”la “Sumqayıt” əsl ortabablardır. Bu komandaların hər ikisinin ortaq çatışmazlığı var: stabillik. Həm qərb təmsilçisi, həm “gənclik şəhəri” klubu yayda heyətlərində xeyli yeniliklər ediblər. Xüsusən, “Sumqayıt” sanki başdan yığılıb. Tovuz klubu isə çatışmazlıqları doldurmağa çalışıb. Hər iki kollektiv bəzi görüşlərdə potensiallarından daha aşağı çıxış ediblər. Lakin eyni zamanda, çox yaxşı göründükləri oyunlar da olub. Güman ki, “Sumqayıt” və “Turan Tovuz” mövsümün sonuna qədər bu cür qeyri-sabit davam edəcəklər və orta sıralarda qərarlaşacaqlar.

“Sabah” isə qətiyyən özünə bənzəmir. Bəziləri bunu komandanın Konfrans Liqasında Serbiya “Partizan”ına dramatik məğlubiyyəti ilə, bəziləri Aleksey Kaşuk, Coy-Lens Mikels kimi liderlərin gedişi ilə əlaqələndirirlər. Lakin bir qarşılaşmanın təsirində bu qədər uzun müddət qalmaq inandırıcı deyil. Eyni zamanda, gedənlərin yerinə yeniləri, bəlkə, daha yaxşıları transfer edilib. Komanda, sadəcə, “qara zolaq”dadır. Üstəlik, rəqiblər sanki artıq baş məşqçi Murad Musayevin taktiki gedişlərini tam təhlil ediblər. Komandanın potensialı ilk üçlüyədir. Lakin ilk dövrədəki uğursuz nəticələr bunu çətinə salır. “Sabah” toparlanacaq, amma keçən mövsüm olduğu kimi, çempionluğa oynayacağını iddia etmək üçün heyətin gücündən başqa hər hansı arqument yoxdur.

“Qəbələ” də gözlənilməz uğursuzlardandır. Konfrans Liqasında oynayan kollektiv mövsümə o qədər pis başladı ki, hətta bir neçə tur son sırada idi. Sonradan müəyyən qədər toparlanan Elmar Baxşıyevin komandası autsayder damğasından xilas olmağı bacarıb. Lakin hələ də işlər qaydasında getmir. “Qırmızı-qaralar” liderlərini əldən veriblər və görünən qədər yeni transferlər həmin boşluqları aradan qaldırmaq gücündə deyillər. “Qəbələ” bu mövsüm ən yaxşı halda ortabablardan olacaq. Komandanın avrokuboka oynamaq potensialı görünmür.

“Kəpəz”, gözlənildiyi kimi, son sıradadır. Bəli, komandanın heyəti hazırkı mövqeyinə tamamilə mütənasibdir. Gəncə klubu hətta debütant “Araz-Naxçıvan”dan daha zəif oyunçu arsenalına sahibdir. Baş məşqçi Azər Məmmədov komandaya baxımlı futbol oynatmağa çalışsa da, heyət bunu bacaracaq gücdə deyil. Gəncəlilərin problemi, xüsusən, hücum etməli olduqları, nisbətən münasib rəqiblərlə görüşlərdə qabarır. “Kəpəz” qışa qədər əsas rəqiblərindən çox geri düşməsə, fasilədə yeni oyunçuların cəlb olunması ilə vəziyyəti dəyişmək ehtimalı yarana bilər. Əks halda komanda sona qədər “zirzəmi”nin sakini olacaq.

Azərbaycan Premyer Liqasında turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1.

“Zirə”

9

6

1

2

9-5

19

2.

“Qarabağ”

9

6

1

2

18-6

19

3.

“Səbail”

9

5

2

2

15-11

17

4.

“Araz-Naxçıvan”

9

4

2

3

9-9

14

5.

“Neftçi”

9

3

3

3

7-7

12

6.

“Turan Tovuz”

9

3

2

4

12-11

11

7.

“Sumqayıt”

8

3

2

3

8-10

11

8.

“Sabah”

8

1

4

3

11-12

7

9.

“Qəbələ”

9

2

1

6

6-16

7

10.

“Kəpəz”

9

1

2

6

5-13

5

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir