İdman

Musa Qurbanlı: “Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur”

Sharing is caring!


“Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur. Bunun üçün komanda öz oyununu sərgiləməlidir”.

Bunu “Report”a açıqlamasında İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində həmin ölkənin digər təmsilçisi “Hakken” önündə şanslarını dəyərləndirərkən deyib.

21 yaşlı hücumçu səfərdə çıxış etməsinə baxmayaraq, Azərbaycan çempionunu daha şanslı hesab edir: “Qarabağ”ın Avropa arenasında təcrübəsi daha çoxdur. Səhv etmirəmsə, “Hakken” ilk dəfədir qrup mərhələsində mübarizə aparır. Amma yenə də onlara autsayder kimi yanaşmaq düzgün olmaz. Hər iki komanda üçün çətin oyun olacaq. “Molde” ilə görüşdə “Qarabağ”ın optimal formasına yavaş-yavaş çatdığını gördüm. Ümid edirəm ki, təmsilçimiz buradan qələbə ilə ayrılar”.

Azərbaycan millisinin forvardı hazırda İsveç çempionatının 3-cü pilləsində qərarlaşan Göteborq klubunun təhlükəli rəqib olduğunu söyləyib:

“Hakken”lə eyni çempionatda çıxış etsək də, bura gələndən onlara qarşı oynamamışam. Mövsümün gedişində “Yurqorden”ə keçdiyim üçün həmin vaxta qədər “Hakken”lə hər iki matç baş tutmuşdu. Ətraflı məlumatım olmasa da, hər həftə oyunlarının icmalına baxdığım üçün komandanı müəyyən qədər tanıyıram. Sürətli oyunçulara malik təhlükəli kollektivdir. Futbolçularının fərdi keyfiyyətləri yüksəkdir. Ötən mövsüm ölkə çempionu olmaları çox şeydən xəbər verir”.

Qurbanlı İsveç Allsvenskanında böyük rəqabət yaşandığını vurğulayıb:

“Həqiqətən də, bu liqada rəqabət həddən artıq yüksəkdir. Hazırda mövsümün sonuna cəmi 5 tur qalsa da, çempionluq mübarizəsində aşkar favorit yoxdur. Liderlə üçüncü sıradakı komanda arasında cəmi 5 xal fərq var. “Hakken” də ötən mövsüm bu çempionatın qalibi olubsa, deməli, möhkəm komandadır. Düzdür, yay transfer dönəmində bir neçə vacib oyunçularını satdılar. Ancaq yeni gələnlərlə yaranan boşluğu doldurublar”.

Qeyd edək ki, oktyabrın 5-də qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir