İdman

“Zaqatala”nın baş məşqçisi: “Uşaq həmin dərmanları bilmədən içib”

Sharing is caring!


Bir neçə gün öncə “Zaqatala”nın futbolçusu Mahmud Məmmədovun futboldan iki il müddətinə uzaqlaşdırıldığı açıqlanıb. Ötən ilin dekabrında Azərbaycan Milli Antidopinq İntizam Komitəsinin (AMAİK) qəbul etdiyi qərara əsasən, Antidopinq Qaydalarının 2.1-ci və 2.2-ci maddələri ilə nəzərdə tutulmuş qayda pozuntularını törətmiş hesab edilə futbolçunun diskvalifikasiya olunduğu bildirilib. Buna səbəb kimi ötən il Birinci Divizionunun “Neftçi-2” – “Zaqatala” matçında meydana çıxan futbolçudan götürülən nümunələrdə qadağan edilmiş maddənin aşkar edildiyi göstərilib.

Bəs bu necə baş verib? Futbolçu həqiqətənmi antidopinq qaydalarını bilərəkdən pozub?

Məsələ ilə bağlı “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov “Qaynarinfo”ya açıqlama verib. O, futbolçunun bilərəkdən dopinq qəbul etmədiyini, AMADA-nın da antidopinq qaydaları ilə bağlı klubu vaxtında təlimatlandırmadığını deyib:

“Əslində bu, çoxdanın söhbətidir, niyə indi ortaya çıxıb, bilmirəm. Artıq ilyarımdır bu hadisə olub. Yəni keçən mövsümdən bu uşaq futbol oynamır. Məsələ necə olub? Bu uşağın ürəyində problem vardı. Düzdür, onun futbol oynamasına elə də böyük təsir etmirdi, sadəcə, bir az narahatlıq keçirirdi, məsələn, təngnəfəs olurdu. “Qarabağ”ın əvəzedicilərində oynayan zaman tibbi yoxlamalardan keçəndə də ürəyində problem olduğu görünürdü. Ürəyi tez-tez döyünürdü. Problemlə bağlı müəyyən müalicələr aparırdılar, ciddi nəsə yox idi. Biz də buna görə narahatlıq keçirdik, həkimə göndərdik. Ürəyi tomoqrafiya edildi, exokardioqrafiya çıxardılar. Məlum oldu ki, ürəyinin klapanında kiçik qatlanma var. Bu da aritmiya yaradırdı. Dedilər, iki yol var, ya müəyyən dərmanlar vasitəsilə müalicə olunmalı, ya da əməliyyat edilməlidir. Zaqatala xəstəxanasında həkim normal dərmanlar yazdı. Uşaq içdi, ancaq elə də böyük fərq yoxdur. Dərmanların effekti olmadığı üçün mikroəməliyyat edilməli idi. Bu da yay fasiləsində nəzərdə tutulmuşdu. Amma heç mövsüm bitməmiş yoxladılar və bildirdilər ki, futbolçuda qadağan olunmuş maddə aşkarlanıb”.

Məmmədov AMADA-nın klubu qadağan olunmuş maddələrlə bağlı məlumatlandırmadıqlarını bildirib:

“Bunun üstünə düşdük, bizi təlimatlandırmadıqlarını dedik. Hansı maddələrdən, dərmanlardan istifadənin qadağan olması ilə bağlı məlumatımız yoxdur. Digər tərəfdən həmin dərmanları həkim yazıb, kardioqrafiya çıxarıb. Qısası, etirazımızı bildirdik, ürək sistemindəki problemlərlə bağlı bütün lazımi sənədləri qaydasına salıb, faktları məhkəməyə təqdim etdik. Özləri də uşağı həkim müayinəsinə göndərdilər və həqiqətən problemin olduğunu gördülər. Buna baxmayaraq, dərmanları içməməli olduğunu dedilər. Halbuki uşaq həmin dərmanları bilmədən içib. Apellyasiya şikayəti verdik və cəzanı dörd ildən iki ilə endirdilər. Yenə də razılaşmadıq. Çünki burada nə uşağın, nə də klubun günahı var. Təkrar apellyasiya müraciəti verməyə çalışsaq da, buna şərait yaratmadılar. Bildirdilər ki, AMADA Səhiyyə Nazirliyinə tabe olub. Nə zaman adam təyin olunsa, o zaman təkrar məhkəmə keçirə biləcəklərini söylədilər. Halbuki dərmanlar açıq şəkildə apteklərdə satılır və insanlar alıb qəbul edir. Qısası, Dünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əsaslandıqlarını deyib, müraciətimizi qəbul etmədilər. İkinci dəfə məhkəməyə müraciət etmək istəyirik, vəkillə danışırıq, “bu gün, sabah” deyə-deyə uzadırlar. Artıq cəza müddətinin bitməsinə də az qalıb. Heç nə edə bilmədiklərini deyə-deyə məsələni uzatdılar”.

Məşqçi cəzaya görə futboldan kənarda qalan Mahmuda bacardıqları qədər dəstək verəcəklərini də deyib:

“Uşağın klubla müqaviləsi vardı. Ona lazımi dəstəyimizi verdik. Cəza müddəti bitdikdən sonra onu yenidən komandamıza dəvət edəcəyik. Futboldan kənarda qaldığı müddətdə maddi cəhətdən itirdiklərini kompensasiya edəcəyik. Futbolçu kimi yaxşı idi, milliyə də dəvət alırdı. Qayıtdıqdan sonra dəstək olacağıq ki, bizimlə davam etsin. Əslində, onu komandaya dəvət etmək, məşqlərinə qoşulmasını istəyirik. Sadəcə, cəzası olduğuna görə buna icazəmiz yoxdur. Yəni rəsmi şəkildə onu götürsək, AMADA bizi klub olaraq cəzalandıra bilər. Ona görə də əlimizdən heç nə gəlmir. Özünə də demişik ki, səbirli olsun, cəzası bitən kimi, itirdiyi vaxtı, maddiyyatı kompensasiya edəcəyik. Uşağa bacardığımız qədər dəstək verəcəyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir