İdman

Sarsılan “Sabah” üçün ayılmaq vaxtı: Sonra gec ola bilər

Sharing is caring!


Ötən mövsüm “Qarabağ”a rəqabət təklif edən, Premyer Liqada ikinci pilləni tutub tarixində ilk dəfə avrokubokda iştirak hüququ qazanan, orada da mərhələ keçməyi bacaran “Sabah”da işlər yolunda getmir.

Paytaxt təmsilçisi geridə qalan altı oyunda cəmi beş xal toplaya bilib və səkkizinci pillədədir. Ehtiyatında “Sumqayıt”la matçı olan “bayquşlar” həmin qarşılaşmada qələbə qazansalar belə, yalnız bir pillə irəliləmələri mümkündür.

Bu mövsüm komandadan gözləntilər çox böyük idi. Hesab edilirdi ki, komanda əsas favorit hesab edilən “Qarabağ”ın bir nömrəli rəqibi olacaq. Lakin gedişat bunu əks etdirmir.

“Sabah” son turda öz meydanında “Kəpəz”lə də bacarmayıb – 2:2. Görünən odur ki, nəsə qaydasında deyil.

Ötən mövsüm uğurlu olan kollektivdən Coy-Lens Mikels və Aleksey Kaşuk gediblər. Onların hər ikisi ciddi fiqurlar idi, ayrılıqların komandanı zəiflətməsi anlaşılandır. Ancaq eyni zamanda baş məşqçi Murad Musayevin işi də çox qabardılırdı. Əvvəllər də komanda keyfiyyətli heyətə sahib olsa da, məhz çalışdırıcı probleminə görə istəyinə nail olmağı bacarmırdı. Nəhayət, rusiyalı mütəxəssisin gəlişi ilə vəziyyət dəyişdi. Kaşukdan, Mikelsdən çox, məhz Musayevin adı qabardılırdı.

Gedənlərin fonunda komandaya ciddi yatırımlar edilib. Cesse Sekidika, İshak Belfodil, Vensan Til, Ayaz Quliyev, Jarl Maraqrita səs-küylü transferlərin yalnız bir hissəsidir. Deməli, komanda itirdiklərinə baxmayaraq, güclənməyi bacarıb.

Bəs nə çatışmır?

Görünür ki, daxildə ab-hava, psixoloji durum yerində deyil. Konfrans Liqasında Serbiya “Partizan”ı ilə görüşlərdən sonra komanda özünə bənzəmir. Penaltilər seriyasındakı məğlubiyyət komandanı sarsıdıb.

Bu məqamda Murad Musayev yenidən səhnəyə çıxmalı və ipləri əlinə almalı idi. Futbolçularda ruh düşkünlüyü varsa, bunu aradan qaldırmaq baş məşqçinin işidir.

Əlbəttə, uğursuz gedişat təkcə psixologiya ilə izah edilə bilməz. Görünən odur ki, rəqiblər artıq “Sabah”ı tam analiz ediblər. Komanda uğur qazanmaq üçün onlara fərqli nələrsə təklif etməlidir. Ötən mövsüm çətin anlarda Kaşuk fərdi bacarıqları ilə problemi yoluna qoya bilirdi. “Sabah” məhz onun kimi yeni lider tapmalıdır.

Baş məşqçi bu məsələlərdən çox hakimlərin idarəçiliyinə, rəqib oyunçuların davranışına yönəlir. “Kəpəz”lə matçdan sonra da o, referidən narazılığını ifadə edib. Mütəxəssisin fikrincə, Gəncə klubunun oyunçuları tez-tez yerdə qalmaqla, vaxt uzatmaqla məşğul olublar.

Musayev ötən mövsüm də hər iki məqamdan tez-tez şikayətlənirdi. Ümumiyyətlə, o, hakimlərlə ən çox problem yaşayan məşqçidir.

Rəqibin vaxt uzatmasına gəlincə, bu, futbolun yazılmayan qaydalarından biridir. Daha zəif komandalar, adətən, güclülərlə görüşdə bu taktikadan istifadə edirlər. Musayev, futbolun ruhunu dəyişdirə bilməzsiniz!

Eyni zamanda, Azərbaycan hakimliyindəki problemləri həll etmək də onun işi deyil. Bununla məşğul olmaq üçün Hakimlər Komitəsi var. Hər oyundan sonra idarəçilikdən gileylənmək, hər dəfə referilərlə problem yaşamaq yaxşı görünmür. Tez-tez cəzalanan, xəbərdarlıq alan baş məşqçinin komandası da intizamlı ola bilməz. Bu, təkcə onun komandasına yönəlməyib, bütün ölkə futbolunda olan problemdir. Bir də ki, “Sabah” ən azı heyətinə görə “Kəpəz”dən o qədər güclüdür ki, hətta hakimin aşkar qərəzi olsa belə, rəqibini məğlub etməyi bacarmalıdır. Ki, hər hansı qərəz də hiss olunmurdu.

Komandanın potensialı böyükdür. Hətta “Sabah” oyunçu keyfiyyətinə görə “Qarabağ”la da müqayisə edilə bilər. Mövsümün əvvəli olması, oyunçuların hələ tam uyğunlaşmaması, avrokubokdakı məlum nəticə və s. amillərin müəyyən uğursuzluğa səbəb olmasını anlayışla qarşılamaq olar. Amma bu, bir qədər əndazəni aşıb. “Qarabağ”a, “Neftçi”yə rəqabət təklif edən güclü bir komandanın üzə çıxması ötən mövsüm azarkeşləri sevindirmişdi, könül istər ki, elə də davam etsin. Ayılmaq vaxtıdır. Sonra mövsümü geri qaytarmaq üçün gec ola bilər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir