İdman

Qərb ölkələrinə uğur qazandıran azərbaycanlı idmançılar – FOTO

Sharing is caring!


Əslən Azərbaycandan olan Vitali Orucov ABŞ millisinin heyətində Serbiyanın paytaxtı Belqradda davam edən güləş üzrə dünya çempionatının qalibi olub.

Ümumən MDB ölkələrini, Türkiyəni təmsil edən idmançılarımızla bağlı nümunələr çoxdur. Son illər isə qərb ölkələrinin uğurları üçün çalışan azərbaycanəsilli idmançılar da qabarmaqdadır.

Oxu.Az onların ən uğurlularını təqdim edir.

Murad Əliyev – əslən Azərbaycandan olan, lakin Fransanı təmsil edən boksçudur. O, Moskvada azərbaycanlı ailəsində anadan olub. Altı yaşından Fransada yaşayan Muradın atası bərdəli, anası isə ağdamlıdır.

O, 2019-cu ildə Fransa yığmasının heyətində Minskdə keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanıb. Daha sonra idmançı Fransanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edib.

M.Əliyevin peşəkar boksda çıxışı isə daha uğurludur. 28 yaşlı idmançı 2021-ci ildən indiyədək yeddi görüş keçirib və hamısında qələbə qazanıb. O, bunların beşində rəqiblərini nokautla məğlub edib.

Cennifer Qədirova – Böyük Britaniyanı təmsil edən bədii gimnast. İrlandiyanın paytaxtı Dublində anadan olan idmançının atası da, anası da azərbaycanlıdır. Onun atasının valideynləri Bakıda yaşayırlar. Cenniferin nənəsi təqaüdçü pediatr, babası isə fizika və riyaziyyat professorudur.

Altı yaşında gimnastikaya başlayan idmançı Böyük Britaniyanı 2020-ci il Yay Olimpiya Oyunlarında təmsil edib. O, komanda yarışında bürünc medal qazanıb. 2020-ci ildə isə 18 yaşlı idmançı komanda yarışında Avropa və dünya ikincisi olub. O, həmçinin 2019-cu ildə keçirilən gənclər arasında dünya çempionatında fərdi yarışda gümüş medal əldə edib.

Cessika Qədirova – Cenniferin əkiz bacısı Cessikanın uğurları isə daha böyükdür. O, da Böyük Britaniya millisinin üzvüdür. Cessika bacısı ilə birgə Olimpiadada bürünc medal qazanıb. O, keçən il baş tutan dünya çempionatının fərdi yarışlarında iki qızıl, komanda yarışında isə gümüş medal əldə edib. Azərbaycanəsilli idmançı fərdi yarışlarda beşqat Avropa çempionu, qitə birinciliyinin gümüş və bürünc medalçısıdır. 18 yaşlı bədii gimnast eyni zamanda komanda yarışında Avropa ikincisi olub.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir