İdman

Azərbaycan millisinin sabiq futzalçısı: “Yığma bu mərhələni mütləq keçməlidir”

Sharing is caring!


“Yığma bu mərhələni mütləq keçməlidir. Digər nəticə ilə barışmaq olmaz”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimov komandanın DÇ-2024-ün elit mərhələsindəki şansları barədə danışarkən deyib.

“Neftçi” İK-da çıxış edən 43 yaşlı oyunçu yığmanın çətin qrupda yer almadığını bildirib:

“Niderlandla dəfələrlə görüşmüşük. Onları Bakıda və səfərdə məğlub etmişik. Komandamız bu raundu rahat keçməlidir. Millinin təlim-məşq toplanışını izləmişəm. Hazırlıq demək olar ki, yaxşı keçib. Oyunçular üçün bütün şərait yaradılıb. Mərhələ adlayacağımıza da inanıram”.

Təcrübəli futzalçı ildən-ilə bəzi ölkələrdə bu idman növünün inkişaf etdiyini diqqətə çatdırıb:

“Yaxşı qrupda yer aldığımızı deyə bilərik. Çünki daha çətin kollektivlər düşə bilərdi. Bəzən elə rəqiblər olub ki, üstün olsaq da, onlara qalib gələ bilməmişik”.

O, bu gün millinin səfərdə Rumıniyaya qalib gələcəyinə inandığını söyləyib:

“Vitali Borisov baş məşqçi kimi də uğurlu olacaq. Ona uğurlar arzulayıram. Onun mütəxəssis kimi debüt qarşılaşmasında gözəl nəticə əldə edəcəklərinə ümid edirəm”.

Məmmədkərimov hazırkı komandanı 2010-cu ildə dünya çempionatının yarımfinalına qədər irəliləyən yığma ilə müqayisə edib:

“Əvvəlki uğuru təkrarlamaq üçün komanda çox güc sərf etməlidir. Həm də bəzi oyunçularda fərdi keyfiyyətlər çox da yüksək deyil. Düzünü desək, həmin dönəmlə müqayisə edəndə ustalıq səviyyəsi bir az aşağıdır. Çətin olsa da, daha da irəli getməyimizi istəyərdim. Bu, başımızın ucalığıdır”.

Qeyd edək ki, Rumıniya – Azərbaycan görüşü bu gün, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir