İdman

Azərbaycan millisi üçün De Byazi əngəli – ŞƏRH + FOTO

Sharing is caring!


Azərbaycanın futbol üzrə milli komandası yenə adət etdiyi yerdən – sonuncu pillədən “boylanır”. Təəssüf ki, AVRO-2024-ün seçmə mərhələsində keçirdiyimiz 4 oyundan sonra bu acı mənzərə ilə üz-üzəyik. Canni De Byazinin rəhbərlik etdiyi komanda yer aldığı F qrupunda cəmi 1 xal toplayıb. Onu da özümüzə uyğun rəqib, daha konkret desək, Estoniya ilə doğma meydanda baş tutan qarşılaşmada əldə etmişik. Qalan 3 görüşdə isə məğlubiyyətlər qeydə alınıb. Milli səfər oyunlarında Avstriyaya 1:4, İsveçə 0:5, son olaraq isə “Dalğa Arena”da Belçikaya 0:1 hesabı ilə uduzub. Vurulan və buraxılan topların fərqi də ürəkaçan deyil – 2:11.

Hazırda F qrupuna 10 xalla Belçika və Avstriya yığmaları başçılıq edir. Üçüncü pillədə qərarlaşan İsveçin hesabında 6 xal var. Göründüyü kimi, milli komanda adına bu seçmə mərhələni də indidən boşa verilmiş hesab edə bilərik. Qrupda mübarizə yarılanıb, komandalar “ekvator xəttinə” dirəniblər. Yığmanın qalan 4 oyunda boyundan yuxarı tullanacağına, maksimum nəticəyə imza atacağına inanmaq isə sadəlövhlük olardı.

Əlbəttə, rəqiblərin də gücünü nəzərə almaq lazımdır. Etiraf edək ki, Belçika, Avstriya və İsveç milliləri daha səviyyəli, potensialı yüksək komandalardır. Amma bu faktın özü belə, millinin səfər görüşlərində asanlıqla təslim olması anlamına gəlməməlidir. Onu da unutmayaq ki, son illər dünya futbolunda maraqlı tendensiyanın şahidi oluruq. Belə ki, qüvvələr nisbəti arasında fərq yavaş-yavaş “əriyir”. Bunun nəticəsidir ki, “cırtdan” ölkə təmsilçiləri belə özündən güclü rəqiblərlə qarşılaşmalarda yetərincə inamlı təsir bağışlamaqla müsbət nəticələrə imza atırlar. Və bu, artıq sensasiya deyil, qanunauyğunluq kimi qəbul olunur.

Ümumiyyətlə, hər hansı bir ölkənin milli komandasının səviyyəsi iki vacib detaldan asılıdır. Birincisi, daxili çempionat rəqabətədavamlı, yəni güclü olmalıdır. İkincisi, ölkə xaricində top qovan yerli futbolçuların sayı çoxalmalıdır. Azərbaycan futbolu bir neçə il öncəyə qədər hər iki məsələ ilə bağlı axsayırdısa, hazırda vəziyyət nisbətən fərqlidir. Premyer Liqada rəqabətin artıdığını artıq böyük əksəriyyət qəbul edir. Ölkə xaricində top qovan futbolçularımızın sayında da artım var. Sözümüzün təsdiqi olaraq Canni De Byazinin son oyunlar üçün millinin düşərgəsinə dəvət etdiyi futbolçuların siyahısına göz gəzdirmək yetərlidir.

Qapıdan başlayaq. Uzun illərdir “Qarabağ”ın formasını geyinən Şahruddin Məhəmədəliyevin səsi artıq Türkiyə Superliqasından gələcək. Təcrübəli qolkiper bundan sonra qardaş ölkənin iddialı komandalarından “Adana Dəmirspor”un uğurları üçün çalışacaq. Müdafiəçilərdən Anton Krivotsyuk Cənubi Koreya təmsilçisi “Daejon Hana”da sabit çıxış edirsə, Bəxtiyar Həsənalızadə Türkiyənin 1-ci liqa klubu “Tuzlaspor”a yeni keçib. Yarımmüdafiə xəttində yer alan milli üzvlərindən də legioner həyatı yaşayanlar var. Coşqun Diniyev Türkiyənin 1-ci liqa klubu “Ümraniyəspor”un, Ozan Can Kökçü isə Niderlandın aşağı liqa klubu “Eyndhoven”in formasını geyinir.

Milli komandanın hücum xətti daha əzəmətli görünür. Heyətdə yer alanlara diqqət edək: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Ramil Şeydayev (“Buriram Yunauyed”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə), Musa Qurbanlı (“Yurqorden”, İsveç). Özü də adı çəkilənlərin hər biri elita klublarının şərəfini qoruyurlar. Amma bunun fonunda yığma seçmə mərhələdə keçirdiyi 4 oyunda rəqib qapılarına cəmi 2 dəfə yol tapır…

Əslində bu heç də birmənalı olaraq adı çəkilənlərin günahı deyil. Bir sadə məntiqlə ki, müasir futbolda kollektiv şəkildə müdafiə və hücum anlayışları mövcuddur. Bu isə birbaşa komandanın baş məşqçisindən asılı olan məsələdir. Yəni qol vurmaq, uğur qazanmaq üçün istənilən kollektiv hücum edərkən irəlidə çoxalmalı, müdafiə olunarkən isə dərhal kollektiv şəkildə geri çəkilməlidir. Amma təəssüf ki, biz Azərbaycan millisinin oyununda bu vacib elementləri müşahidə etmirik. Yığma 90 dəqiqə ərzində daha çox müdafiənin qayğısına qalır. Özü də böyük qüvvə ilə. Hücumlar zamanı isə ön xətdə yer alanlar lazımi dəstəyi görmür ki, bu da rəqib müdafiəçilərin onları çətinlik çəkmədən zərərsizləşdirməsi ilə nəticələnir.

Belçikaya qarşı son oyunda milli komanda zaman-zaman heç də pis görünmədi, rəqib qapısı önündə təhlükəli hücumların şahidi olduq. Komanda potensialının olduğunu, futbol oynamağı bacardığını ortaya qoydu. Sadəcə, az öncə vurğuladığımız məsələlər ucbatından müsbət nəticə qazanmaq mümkün olmadı. Canni De Byazinin rəqibdən çəkinməsi, heyət seçimindəki bəzi səhvləri, müdafiə planlı futbolçulara daha çox güvənməsi, bir sözlə, cəsarətsizliyi sonda millinin məğlubiyyətini şərtləndirdi.

Fikrimizcə, artıq AFFA rəhbərliyi, daha doğrusu, qurumun İcraiyyə Komitəsi lazımi addımı atmalıdır. 2020-ci ilin iyulundan millinin “sükanı arxasında” olan italiyalı mütəxəssis bunadək Millətlər Liqasını və DÇ-2022-nin seçmə mərhələsini boşa verib. Yuxarıda qeyd etdiyimiz kimi, AVRO-2024-ün seçmə mərhələsini də bizim üçün bitmiş hesab edə bilərik. Çünki komanda qarşıya qoyulan hədəfdən kifayət qədər uzaqdır. Belə olan halda isə Azərbaycan futboluna ciddi xeyri olmayan bir əcnəbi mütəxəssisi postunda saxlamağın heç bir mənası yoxdur.

Milliyə müasir futbolun incəliklərinə yaxından bələd olan, onun tələbləri ilə ayaqlaşmağı bacaran, kreativ ideyalarla “yüklü” bir baş məşqçinin gətirilməsi mütləqdir. Ola bilər ki, AFFA bu məsələdə yenə yerli yox, əcnəbi mütəxəssislərə üstünlük versin. Problem deyil, əsas odur ki, dəyişikliyə getməyin vacibliyi qəbul olunsun. Milli komandanın hazırkı heyətinin potensialı mütləq nəzərə alınmalıdır. Bu komanda, bu futbolçular həqiqətən daha artığına qadir və layiqdirlər. Yetər ki, komanda onların potensialından düzgün istifadə edəcək bir mütəxəssisə həvalə olunsun.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir