İdman

Yelena Parxomenko: “Voleybolçunun ailə qurması çətindir” – MÜSAHİBƏ

Sharing is caring!


“Hər məşqdən sonra analiz edirdim ki, necə oynadım, nə üzərində çalışdım, məşqlərdən sonra nəticə oldumu? Bu mənim üçün çox önəmli idi. Mənim taktikam bu idi”.

Bunu Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü, Avropa və dünya çempionatlarında ölkəmizi təmsil etmiş voleybolçu Yelena Parxomenko Teleqraf.com-a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Yelena xanım, səkkiz il Azərbaycan millisinin voleybolçusu kimi çıxış etmisiniz. Voleybola gəlişiniz necə oldu?

– Voleybola mən 11 yaşımda, bacım Oksana Parxomenko (Kurt) isə doqquz yaşında başladıq. Azərbaycan millisinə isə 15 yaşımdan çağırıldım. O zaman Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev milli komandada baş məşqçi idi. 17 yaşımdan milli komandada oynamağa başladım.

– Faiq Qarayevin yetirmələrindən biri də sizsiniz. Güclü voleybolçu kimi uğurunuzun sirri nə idi?

– Komandamızda güclü voleybolçular çox idi. Azərbaycan yığmasının heyətində Alla Həsənova, Oksana Məmmədyarova, Valeriya Korotenko, Natalya Məmmədova, Polina Rəhimova və bir çox güclü voleybolçular təmsil olunurdular. Biz bir ailə kimi formalaşmışdıq. Faiq Qarayevin üzərimizdə əziyyəti çox idi. O, bizə, sadəcə, voleybol idman növünü öyrətmirdi, həyatı dərk etmək üçün də yol göstərirdi. Bu da önəmli hal idi.

Faiq Qarayev bir müddət Türkiyədə fəaliyyət göstərdi və Bakıya 1992-ci ildə qayıtdı. Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Faiq Qarayevi Vətənə dəvət etdi və bildirdi ki, milli komandanı inkişaf etdirin. Onda Yelena Şabovta, Alla Həsənova da Türkiyədən qayıtdılar. Azərbaycan millisinə İnessa Qorxmazı da dəvət etdik. Beləliklə, Azərbaycan millisi inkişaf etdi. Birlikdə yüksək səviyyədə voleybol idman növünə başladıq.

Uğurumun sirrinə gəlincə, hər məşqdən sonra analiz edirdim ki, necə oynadım, nə üzərində çalışdım, məşqlərdən sonra nəticə oldumu? Bu mənim üçün çox önəmli idi. Mənim taktikam bu idi.

Oyun zamanı meydana çıxanda bütün bacarığını ortaya qoymalısan. Oyun bitsin, sonra ağlaya və ya gülə bilərsən. Oyun fərqli bir sferadır. İdman çox çətin sahədir…

– Niyə məhz voleybolu seçdiniz?

– Çünki anam da voleybolçu olmuşdu. Amma çox az oynamışdı. Zədə aldıqdan sonra voleyboldan uzaqlaşdı. Anam voleybolu çox sevirdi, bizə də sevdirdi. Özü təklif etdi ki, istəsəniz, voleybol idman növünü seçə bilərsiniz. Mənim və bacımın voleybol karyerası belə başladı.

– Ailədə iki bacısınızmı?

– Bəli, Oksana Parxomenko (Kurt) və mən.

– Bacınız da voleybol karyerasını başa vurub. Hazırda hansı sahədə fəaliyyət göstərir?

– Bəli, bacım da voleybol idman növündən uzaqlaşıb. Voleyboldan uzaqlaşdıqdan sonra Azərbaycan millisində bir müddət menecer kimi çalışdı. Hazırda isə başqa sahədə fəaliyyət göstərir.

– Ailəniz haqqında məlumat verməyinizi istərdik.

– Atam ukraynalı, anam isə rusdur. Valideynlərim də, biz də Azərbaycanda doğulmuşuq.

– Voleybol idman növündə neçə yaşına qədər davam etmək olar?

– Zədə almayana qədər sağlam şəkildə davam etmək olar. Zədə aldıqdan sonra yüksək səviyyədə oynamaq mümkün olmur.

– Sizin voleybolçu kimi karyeranızda ən çətin oyununuz hansı idi?

– Voleybolçu kimi karyeramda bütün oyunlar çətin idi. Heç vaxt rahat oyunumuz olmayıb. O zaman “Azərreyl” və milli komanda eyni idi. Hər oyun çətin idi, çünki komandada yeddi voleybolçu oynayırdı.

Amma hazırda milli komandada 14-15 nəfər var. Bizim vaxtımızda komanda 12 voleybolçudan ibarət idi, oyundasa yeddi-səkkiz nəfər oynayırdı. Yeddi-səkkiz il, sadəcə, yeddi voleybolçu ilə oyunlara çıxırdıq.

– Voleybol komanda oyunudur. Maraqlıdır ki, voleybolçular arasında münasibət necə idi?

– Hər kəs bir-biri ilə çox mehriban idi. Qeyd etdiyiniz kimi, voleybol komanda oyunudur. Bir voleybolçu zəif oynasa, ümumi komandaya çox çətin olur. Altı-yeddi nəfərin içində isə bir lider olmalıdır. Voleybol idman növündə hər voleybolçunun xüsusi yeri və önəmi var.

Mən deyə bilmərəm ki, filan voleybolçu olmasaydı, filan oyunda qalib gələcəkdik. Hər voleybolçunun önəmi təkrarolunmazdır. Oyunu yalnız komanda şəkilində udmaq mümkündür.

– Azərbaycan millisi əvvəllər daha məşhur idi, nəticələri də yüksək idi. Daha o cür uğurları görmürük…

– Əvvəllər qələbələr çox olurdu. Hazırda problem bünövrə və təhsillə bağlıdır. Qızlar iki məşqə gələ bilmirlər, gəlsələr, məktəbdə problemlə qarşılaşırlar. Uşaqlar çox məşğuldurlar. Hər idman növündə eyni problemi yaşayırıq, yalnız voleybolda yox. Bünövrə formalaşmalıdır. Məsələn, voleybolçu zədə aldı, sonra nə işlə məşğul olsun? Ona görə də məktəbi bitirdikdən sonra ali təhsil almaq vacibdir. İki məşq olan zaman məktəb də önəmlidir. Bunu tənzimləmək lazımdır. Uşaqlar voleybola maraq göstərirlər, amma vaxt yoxdur.

– Siz hansı universiteti bitirmisiniz?

– Mənim iki ali təhsilim var, Bakıda və Ukraynada oxumuşam.

– Necə düşünürsünüz, niyə Azərbaycan millisinin üzvlərinin çoxu əcnəbidir?

– Voleybol idman növündə fiziki görünüş çox vacibdir. Hazırda uzun boylu qızlarımız var, amma bəzi detallara da diqqət edirik, voleybol idman növünə davam edə biləcək, yoxsa yox.

Komandamıza türk məşqçi gəlib. Voleybolun bünövrəsinə o nəzarət edəcək. Bakıda və rayonlarda seçimlər olacaq. İndi Bakıda seçimlərə davam edirik, proses davam etsə, inşallah, milli komandaya azərbaycanlı qızlar da gələcəklər. Azərbaycan millisində indi də azərbaycanlı voleybolçular az deyil…

– Həmkarlarınızdan daha çox kimlərlə əlaqə saxlayırsınız? Hazırda onlar ölkədə yaşayırlar?

– Komanda yoldaşlarımın hamısı ilə əlaqə saxlayıram. Yelena Şabovta Fransada, İnessa Qorxmaz Türkiyədə, Valeriya Məmmədova Rusiyada yaşayır. Bayramlarda və doğum günlərində bir-birimizə mesaj yazırıq.

Neçə yaşınızda voleybol karyeranıza son qoydunuz və səbəb nə idi?

– Yeddi il əvvəl voleybol idman növündən uzaqlaşdım. Zədə aldığıma görə 34 yaşımda voleybol karyerama son qoydum. Zədələrim çox idi və düşündüm ki, belə davam edə bilməyəcəyəm. Fikirləşdim ki, daha bəsdir.

Azərbaycan Voleybol Federasiyasına gəlməmişdən öncə məktəblərin birində idman müəllimi kimi fəaliyyət göstərirdim. Sonra Faiq Qarayevlə əlaqə saxladım və bildirdim ki, voleybol idman növünə dəstək olmaq istəyirəm. Faiq müəllim də bildirdi ki, Gənclər və Yeniyetmələrin baş koordinatoru sən olacaqsan, voleybol idman növünü yaxşı bilirsən. Yeddi ildir Azərbaycan Voleybol Federasiyasında işləyirəm. Mən voleybolu çox sevirəm.

– O illəri necə xatırlayırsınız?

– Ən yaxşı illərim idi, amma həm də çətin idi. Çox məşğul olurduq. Evdə çox olmurdum, ailəni, ana-atanı, dostları görmürdim. Həyatım belə keçdi… İki həyat yaşayırdım, amma idman həyatım daha güclü idi və daha çox zaman alırdı.

İndiki idmançılar sosial həyat yaşayırlar. İnsanlarla görüşürlər, reklama çəkilirlər, televiziyalara çıxırlar və sair. Sosial şəbəkələrdə hər şeyi paylaşa bilirlər. Bizim həyatımızsa yalnız idmandan ibarət idi.

– Faiq Qarayev haqda nə deyərsiniz, necə bir məşqçi idi?

– Faiq müəllim psixologiyamız üzərində çox çalışırdı. Voleybolun texnikasını, taktikasını öyrətməklə yanaşı, psixologiyamıza ayrıca diqqət yetirirdi. Dediyimiz kimi, voleybol komandasında tək çalışmırsan. Siz güclü voleybolçu ola bilərsiniz, amma oyun zamanı nəticə olmaya bilər.

Təkbaşına oynamaq və qazanmaq daha rahatdır. Birlikdə çalışmaqsa çox fərqlidir. Ona görə də voleybol idman növündə birgə oyun nümayiş etdirmək üçün psixoloji hazırlıq daha önəmlidir.

– O illər üçün darıxırsınızmı?

– Bəli, darıxıram, amma edəcək bir şey yoxdur. Həyat davam edir. O illərdə özəl günlərim var. Çətin idi, amma gözəl idi…

– Türk dilində çox yaxşı danışırsınız. Harada öyrənmisiniz?

– Bacım Oksana “Yeşilyurt” voleybol komandasında oynayıb. Mən orada məşq prosesində oldum və türk dilini öyrəndim. Bacımın həyat yoldaşı da türkdür.

– Türkiyə qadın voleybol milli komandasını necə dəyərləndirirsiniz? Türk həmkarlarınızla dostluq münasibətiniz varmı?

– Türkiyə millisinin meneceri Pelin Çeliki və keçmiş voleybolçuları tanıyıram. Sosial şəbəkədə bir-birimizə yazırıq. Türkiyəyə gedəndə görüşürük.

Türkiyə millisinin səviyyəsi çox yüksəkdir. Yaxşı inkişaf ediblər. 35 yaşına qədər eyni proqramla işləyirlər. Onların komandasında çoxlu əcnəbi voleybolçu oynayıb və indi də oynayırlar. Xaricilərin yanında türklər də çoxdur.

Hazırda İstanbulda 600-dən çox komanda var. Onlar böyük iş görüblər və onun üçün də nəticəsi var. Türkiyə millisi dünyanın ən güclü komandasıdır və Avropa çempionatında da qalib oldu.

– Türkiyə millisində Melisanı voleybolun “Messi”si adlandırırlar. Son performansı ilə dünyanın diqqətini cəlb etdi. Onun barəsində nə deyə bilərsiniz?

– Mən düşünürəm ki, Melisa Varqas olmasaydı, Türkiyə yığması çempion olmayacaqdı. Türkiyə millisində ən önəmli voleybolçu o idi. Ümumilikdə, Türkiyə millisi çox gözəl və peşəkardır.

– Sizə zamanla Türkiyə millisindən iş təklifi olubmu?

– Xeyr. Türkiyənin öz keçmiş voleybolçuları var. Mən də işləyirəm…

– Voleybolçuların ailə qurmaq məsələsi necədir?

– Alişer adlı bir oğlum var. Ailə qurmaq bir az çətindir. İnsanlar idmançıları anlamırlar. Çünki Azərbaycanda qadınlar evdə oturmalı, yemək hazırlamalıdırlar və s. Amma biz yarışlara, kampa gedirik. Evə məşqdən sonra axşam, gec gəlirik. Ona görə də Azərbaycanda ailə qurmaq çətindir. İdman sahəsi də çox çətindir.

– Qadın kimi özünüzü xoşbəxt hiss edirsinizmi?

– “Xeyr” demək istəmərəm, yanlış olar. Arzularım çoxdur. İlk arzum oğlumla bağlıdır. Düzdür, çox çətinlik yaşadım. Arzularım çoxdur və onlar gerçəkləşəndə daha məmnun olacağam. Hamısını həyata keçirmək lazımdır. Bunun üçün isə çalışmaq vacibdir. İndi həyat belədir, istəyirsən, hərəkət et, işlə! Bir yerdə oturmaqla olmur.

– Azərbaycanlı xanımları necə dəyərləndirirsiniz?

– Hazırda Azərbaycan xanımları daha sosial, daha perspektivlidirlər. Xarici ölkələrdə təhsil alırlar. Əvvəl daha qapalı idilər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir