İdman

Ziya Rəcəbov: “Məşqçi seçimində gecikmə Avropa çempionatında öz sözünü dedi” – MÜSAHİBƏ

Sharing is caring!


Qadın voleybolçular arasında keçirilən Avropa çempionatının finalında Serbiya üzərində 3:2 hesablı qələbə qazanan Türkiyə yığması qitənin ən güclüsü adına yiyələnib.

Türkiyə ilə eyni qrupda yer alan Azərbaycan millisi isə ümidləri doğrultmayıb. Ataman Güneyligilin kollektivi C qrupunda keçirdiyi oyunların ikisində qələbə qazanıb, üç dəfə meydanı məğlub tərk edib.

Yekunda komanda 5 xalla beşinci yeri tutaraq, Avropa çempionatı ilə erkən vidalaşıb.

Azərbaycanlı məşqçi Ziya Rəcəbov “Report”a müsahibəsində həm qitə birinciliyindəki mübarizəyə toxunub, həm də Azərbaycan millisinin uğursuz çıxışına münasibət bildirib.

– Başa çatan Avropa çempionatı ilə bağlı nə deyə bilərsiniz?

– Avropa çempionatı bir az zəif keçdi. Rusiyanın yarışda iştirak etməməsi öz sözünü dedi. Mənə ən xoş gələn komanda Niderland oldu. Çünki orta sahə voleybolçuları ilə çox oynayırdılar.

– Bəs hansı komandanın çıxışına təəccübləndiniz?

– Məni daha çox təəccübləndirən komanda İtaliya oldu. Onların baş məşqçisinin voleybolçularla problemi var idi. Bunu da üz cizgilərindən görmək olardı.

– İki gün əvvəl finalda Türkiyə ilə Serbiya yığmaları üz-üzə gəldilər. Maraqlıdır ki, hər iki komandanın baş məşqçisi italiyalı idi. Bu amilin həlledici matça nə kimi təsiri oldu?

– Türkiyə millisinin baş məşqçisi Daniele Santarelli ilə Serbiya yığmasına rəhbərlik edən Covanni Quidettinin finalda üz-üzə gələcəkləri sanki öncədən yazılmış qanun idi. Həlledici görüş barədə proqnoz vermək çox çətin idi. Serbiya yığması da güclü komanda idi. Sanki Serbiyadan Tiyana Boşkoviçlə Türkiyə yığmasından Melissa Varqasın “döyüşü” idi. Bu “döyüşdə” də Varqas qalib gəldi.

– Azərbaycan millisi isə yer aldığı C qrupunda 5 xalla 5-ci yeri tutdu və turnirlə erkən vidalaşdı. Bu uğursuz çıxışı nə ilə əlaqələndirmək olar?

– Millimiz təlim-məşq toplanışına gec başlamışdı. Tez başlamaq üçün də hansısa turnir yox idi. Federasiyada rəhbər dəyişikliyi və məşqçi seçimində gecikmələr bəlkə də öz sözünü dedi. Qızlar tam hazır deyildilər, sistem oturmamışdı.

– Uğur qazanmaq üçün nə etmək lazımdır?

– Məncə, yaxın beş ildə nəsə gözləməyə dəyməz. Ən azı yerli oyunçular yetişməlidir. Federasiyanın bununla bağlı cəhdləri təqdirəlayiqdir. Aşağı yaş qrupları ilə işləmək üçün məşqçilər gətirilib. Əvvəllər “Rabitə”nin ölkə xaricindən gətirdiyi oyunçular Azərbaycan millisinin özəyini təşkil edirdilər.

– Siz milliləşdirmənin tərəfdarısınız?

– Güclü voleybolçuları milliləşdirmək yaxşıdır. İndi bütün dünyada milliləşdirmə prosesi gedir. Türkiyə yığmasından Varqası buna nümunə göstərə bilərəm. Bütün ölkələrin federasiyaları milliləşdirməyə üstünlük verirlər ki, yığmaları güclənsin.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir