İdman

Azərbaycan futbolundan bir Şəhriyar keçdi – FOTO/VİDEO

Sharing is caring!


Azərbaycan futbol ictimaiyyəti ötən həftə acı xəbərlə sarsıldı.

AZƏRTAC xəbər verir ki, millimizin sabiq müdafiəçisi Şəhriyar Rəhimov avqustun 25-də amansız xəstəlikdən dünyasını dəyişdi. Karyerası ərzində yaşıl meydanlarda girdiyi mübarizələrin bir çoxundan qalib ayrılan Şəhriyar, təəssüf ki, xərçəng xəstəliyi ilə bacarmadı. 34 yaşında gözlərini bu dünyaya əbədi yuman Şəhriyar avqustun 26-da Xırdalan şəhər qəbiristanlığında dəfn olundu.

Bəs Şəhriyar Rəhimov istər futbolçu, istərsə də insan kimi yaddaşlarda necə qaldı? Bu suala cavab tapmaq üçün mərhum oyunçunun birlikdə çalışdığı və oynadığı futbol adamlarına müraciət etdik.

Hazırda “Səbail”in baş məşqçisi olan Şahin Diniyev Şəhriyarın xasiyyətinə və oyununa hələ “Kəpəz”in sükanı arxasında olarkən bələd olduğunu bildirib:

“Onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır, yoxluğuna alışa bilmirəm. İnana bilmirəm ki, belə bir insan artıq həyatda yoxdur. Yeri cənnət olsun, nur içində yatsın. Olduqca gözəl insanı itirdik, çox heyif. Şəhriyar “Kəpəz”də mənim həm futbolçum, həm komandanın kapitanı olub. “Səbail”in hazırkı heyətinin formalaşmasında çox böyük rol oynayıb. Şəhriyarla bağlı bir çox planlarımız var idi. 34 yaşında həyatdan köçdü. Bu, ona yaraşmayan ölüm oldu. Getməyin yox, yaşamağın vaxtı idi. Özümü çox pis hiss edirəm. Bu vəziyyətdə heç nə haqqında düşünə bilmirəm. Şəhriyar həmişə istəyirdi ki, komanda yaxşı vəziyyətdə olsun. Bundan sonra onun ruhunu şad etmək üçün oynayacağıq. Cümlə qurmaq çətindir. Hərdən inanmıram, öz-özümə deyirəm ki, yalan xəbərdir. Onunla bağlı xatirələrim çoxdur, ancaq indi danışa bilmirəm”.

Şəhriyar Rəhimovun “Səbail”də baş məşqçisi olmuş Aftandil Hacıyev də keçmiş oyunçusu barədə müsbət fikirlər səsləndirib:

“Onun haqqında çox danışmaq olar. Ən yaxşı günlərimiz “Səbail”dəki ilk ilimizdə olub. Birlikdə çox yaxşı işlər gördük. Düşünürəm ki, “Səbail”in uğurlarının əsas səbəbkarlarından biri də elə məhz Şəhriyar idi. Əsl peşəkar, əsl kapitan idi. Daim öz oyunu və xarakteri ilə gənclərə, digər futbolçulara örnək olub. Çox güvəndiyim, inandığım futbolçulardan biri idi. Həmin il Şəhriyarı daha yaxından tanıdım və aramızda yaxşı münasibət yarandı. Bir neçə il bir yerdə çalışmalı olduq. Düzdür, bir ara “Zirə”yə transfer oldu, lakin sonra yenə “Səbail”ə qayıtdı. Həmin vaxt xəstəliyi ortaya çıxdı və buna görə çox əziyyət çəkdi. Bu gün Şəhriyar aramızda yoxdur və çox məyusuq. Xəbəri eşidəndən hələ də təsir altındayam. Həqiqətən də layiqli ata, futbolçu və şəxsiyyət idi. Ölkə futbolu sağlam təfəkkürlü və düşüncəli bir şəxsiyyəti itirdi. Belə insanlar çox nadir hallarda futbolumuzda üzə çıxır. Şəhriyar öz adı və oyunu ilə Azərbaycan futbolunda özündən söz etdirə bildi. Milli səviyyəsinə kimi qalxdı. Əfsuslar olsun ki, bu gün onun haqqında yalnız xatirələr qalıb. Ailəsinə başsağlığı verirəm, səbir diləyirəm”.

Şəhriyar Rəhimov “Zirə”də Rəşad Sadıqovun rəhbərliyi altında da çıxış edib. Sadıqov millimizin keçmiş üzvünün ölümünü Azərbaycan futbolu üçün böyük itki adlandırıb:

“Yaxşı idmançı, yaxşı insanı itirdik. Allah ona rəhmət eləsin, hamımız kədər içindəyik. Gözümün qabağından getmir. Həm futbol, həm də futboldankənar gözəl münasibətlərimiz var idi. Çox əxlaqlı insan idi, yaxşı xasiyyəti var idi. Ətrafında olan hamı onu çox istəyirdi. Futbol ictimaiyyətimiz üçün böyük itkidir. Hələ uzun illər futbolumuza faydası dəyə bilərdi. Karyerasını tamamladıqdan sonra çox uğurlu seleksiyaçı kimi fəaliyyət göstərirdi. Bir sözlə, çox yaxşı insanı, bacarıqlı futbol adamını itirdik. Allah Şəhriyara rəhmət eləsin, ailəsinə səbir versin!”

Rəhimovun “Səbail”dən keçmiş komanda yoldaşı olan Rahid Əmirquliyev onun heç bir mənfi xüsusiyyətinin olmadığını vurğulayıb:

“Şəhriyar haqqında ancaq xoş sözlər söyləmək olar. Çox yaxşı futbolçu, gözəl insan idi. Azərbaycan futbolu üçün ağır itki oldu. Karyerasını bitirsə də, futbolun içində idi, “Səbail”də çalışırdı. Azərbaycan futboluna çox fayda verib. Şəhriyarı çoxdan tanıyırdım. Demək olar ki, onunla bütün aşağı yaş qrupları üzrə milli komandalarda çıxış etmişəm. Həmçinin “Səbail”də də neçə il çiyin çiyinə oynamışıq. Münasibətimiz çox yaxşı idi. Nə qədər ağır olsa da, onun ölümünü qəbul etməliyik. Mən inanmıram ki, kimsə Şəhriyar haqqında mənfi nəsə desin. Ailəsinə və yaxınlarına səbir diləyirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir