İdman

“Qarabağ”ın qalmaqallı yeni qapıçısı: Son iki ildə üç oyun keçirib

Sharing is caring!


“Qarabağ”ın “Bayer”dən (Leverkuzen, Almaniya) ayrıldıqdan sonra heyətinə qatdığı Andrey Lunyovun karyerası daha çox ölkəsi Rusiya ilə bağlıdır.

Oxu.Az xəbər verir ki, qapıçı Leverkuzen təmsilçisinə qədər “Torpedo”, “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit”də də oynayıb.

31 yaşlı qolkiper üçqat Rusiya çempionu və ölkə kubokunun qalibidir. O, “Bayer”lə Bundesliqanın bürünc medallarını qazanıb.

Uğurları ilə yanaşı, Lunyovun karyerası qalmaqallarla da “zəngin”dir. Moskva “Torpedo”sunda futbolun sirlərinə yiyələnən “çərçivə qoruyucusu” ilk klubunda qazancını, əsasən, əyləncə məclislərinə xərcləyib. Bundan sonra o, “İstra” və “Kaluqa”ya icarəyə göndərilib. Futbolçu 2014-cü ildə ilk klubuna qayıtmaq istəsə də, “Torpedo” ondan imtina edib.

Belədə, o, karyerasını bitirmək qərarına gəlib. Lakin 2015-ci ildə “Saturn” variantı yaranıb. Çox keçmədən “Ufa”ya keçən qolkiper karyerasının zirvəsini “Zenit”də yaşayıb. Sankt-Peterburq klubundakı uğurlu çıxışı onu Rusiya millisinə qədər yüksəldib. Lunyov hətta yığmanın 2018-ci il dünya çempionatı üçün heyətinə də daxil edilib. Lakin orada İqor Akinfeyevin əvəzləyicisi olub və heç bir oyunda forma geyinməyib.

Hər nə qədər uğurlu olsa da, Lunyovun “Zenit” karyerası da qalmaqalla bitib. O, klubdan mükafat almaması ilə bağlı sponsor “Qazprom”un sədri Aleksey Millerə şikayət edib. Bundan sonra tərəflər yolları ayırıblar.

“Bayer”ə üz tutan qapıçı Almaniyada finlandiyalı Lukaş Hradetskinin əvəzedicisi olub. O, 2021/22 mövsümündə iki, 2022/23 mövsümündə isə cəmi bir matçda forma geyinib. Qolkiper bir neçə görüşü zədə səbəbindən buraxıb, lakin ümumən Bundesliqa təmsilçisində özünü təsdiqləməyi bacarmayıb.

Lunyov uzun müddətdir, futbol oynamır. Formada olmayan qolkiperin qısa zamanda “Qarabağ”a fayda verməsi inandırıcı görünmür. Ümumən, Lunyov kifayət qədər istedadlı olsa da, qalmaqallara meyilli və intizamsız futbolçudur. Qurban Qurbanov qolkiperi cilalaya bilsə, uzun müddət komanda üçün faydalı oyunçu olacaq. Əks halda, komanda yenidən Şahruddin Məhəmmədəliyevin ümidinə qalmalı olacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir