İdman

Adrian Mutu: “Fərqli “Neftçi” görəcəksiniz” – FOTO

Sharing is caring!


“Hesaba baxmayaraq, komandam 55 dəqiqə yaxşı oyun göstərdi. Konfrans Liqasından kənarda qaldıq. Lakin öz rənglərimiz uğurunda mübarizə apardıq. Meydana qələbə qazanmaq üçün çıxdığımızı göstərdik”.

Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş” – “Neftçi” (2:1, ilk oyun – 1:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan klubunun baş məşqçisi Adrian Mutu deyib.

Mütəxəssis matçdan əvvəl iddialı danışmasının səbəbini açıqlayıb:

“Xarakterli komanda yaratmaq istəyirik. Düşünürəm ki, bu yanaşmaya hörmətlə yanaşmalıyıq. Şansın çox az olsa belə. Klubuna və təmsil etdiyin rənglərə hörmət edirsənsə, sona qədər inanmalısan. İki oyuna nəzər yetirsək, deyərdim ki, dörd hissədən birini qazanmış olduq”.

Çalışdırıcı start heyətdə yerli oyunçuların az olmasını belə izah edib:

“Bizdə Qara Qarayev var. O, iştirak edə bilmir. Eddi İsrafilov və Ömər Buludov isə zədəlidir. Bu gün biz əlimizdə olan silahlarla sona qədər mübarizə apardıq. Çalışdıq ki, enerjimizi səmərəli istifadə edək. Rəqibin ehtiyat oyunçular skamyasında 12, bizdə beş oyunçu var idi. Lakin göstərdik ki, İstanbula turist kimi gəlməmişik”.

Rumıniyalı mütəxəssis təlim-məşq toplanışının əvvəlindən komandanın başında olsaydı, komandasının daha hazırlıqlı olacağını söyləyib:

“Elə olsaydı, heyətdə daha çox oyunçumuz olardı. Fərqli nəticə olacağını deyə bilmərəm. Amma daha hazırlıqlı komandamız olardı”.

Çalışdırıcı “Neftçi”nin altı rəsmi matçda cəmi bir qələbə qazanmasının komandanın üzərində təzyiq yaratmamalı olduğunu qeyd edib:

“Təzyiq komandanın yox, mənim üzərimdə olmalıdır. Yaxşı təlim-məşq toplanışı keçməmələri futbolçuların günahı deyil. Onlar sakitləşməli və mənim istədiyim şeylərə inanmalıdırlar. Yaxşı hazırlaşacağıq ondan sonra fərqli “Neftçi” görəcəksiniz”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir