İdman

“Sabah” parlaq qələbə ilə Azərbaycan futbolu tarixinə düşdü

Sharing is caring!


“Sabah” Azərbaycan futbolu üçün yeni rekord müəyyənləşdirib.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi avrokuboklarda debüt mövsümündə ardıcıl üç qələbə əldə edən ilk klubumuz olub.

Murad Musayevin komandası Konfrans Liqasının II təsnifat mərhələsində Latviya RFŞ-sini səfərdə və evdə müvafiq olaraq, 0:2 və 2:1 hesabları ilə məğlub etdikdən sonra növbəti raundun ilk matçında Serbiya “Partizan”ından da güclü olub. “Sabah” ötən gün keçirdiyi ev oyununda güclü Belqrad təmsilçisi üzərində parlaq qələbə əldə edib – 2:0.

Daha əvvəl heç bir Azərbaycan klubu qitəmiqyaslı yarışlarda ilk üç oyununu qələbə ilə başa vurmayıb. Lakin iki ardıcıl görüşdə qalibiyyətlər var.

“Xəzər Universiteti” İntertoto Kubokunun 2004/05 mövsümündə “Kazino Şvarts”ı (Avstriya) hər iki oyunda məğlub edib. Düzdür, səfərdəki ilk görüşdə avstriyalılar 4:0 üstün olublar. Lakin rəqibin heyətində adı iştirak ərizəsində olmayan futbolçu meydana çıxdığından UEFA “Kazino Şvarts”a texniki məğlubiyyət (0:3) verib. Bakıdakı qarşılaşmada isə “Xəzər Universiteti” 2:1 hesablı qələbə qazanıb. Lakin növbəti mərhələdə bunun davamını gətirmək mümkün olmayıb. “Tələbələr” Finlandiyada “Tampere Yunayted”ə uduzublar – 0:3. Bakıdakı minimalhesablı (1:0) qələbə mərhələ adlamaq üçün kifayət etməyib.

Debütə iki ardıcıl qələbə ilə başlamış növbəti klub “Zirə”dir. Qəsəbə təmsilçisi Avropa Liqasının 2017/18 mövsümünə uğurlu start verib. I təsnifat mərhələsində Lüksemburq “Differdanj”ına rəqib olan “Zirə” evdə 2:0, səfərdə 1:2 hesablı qələbələr əldə edib. Lakin növbəti raundda seriya qırılıb. Rumıniyada “Astra” ilə qarşılaşan kollektiv 3:0 hesabı ilə uduzub. Bakıda 0:0 hesabı qeydə alınıb və “Zirə” mübarizəni dayandırıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir