İdman

Emin Mahmudov: “Adrian Mutu bizdən fərqli oyun tələb edir”

Sharing is caring!


“Ağır oyun oldu. Çünki rəqib yaxşı müdafiə olunurdu”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı cavab oyunundan (2:0, ilk oyun 2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi ilk qoldan işlərini asanlaşdırdığını bildirib:

“Topu pressinqlə alıb əks-hücumda ilk qolu vurduq. Ondan sonra bir az rahat olduq. Fürsətlərimizi daha tez dəyərləndirsəydik, daha rahat olardıq. Təkbətək epizodlarımız var idi. Baş məşqçinin istəklərini yerinə yetirsək, gələcəkdə daha yaxşı olacağıq”.

Təcrübəli oyunçu yeni baş məşqçi Adrian Mutunun komandadan fərqli oyun tələb etdiyini söyləyib:

“Keçmiş baş məşqçi barədə nə isə danışmaq istəmirəm. Dəyişiklik var. Bizdən başqa futbol tələb edir. Biz onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Neçə faiz alındığını deyə bilmərəm. Mutunun istədiyini daha yaxşı başa düşmək üçün vaxt lazımdır. O istəyir ki, daha çox topla oynayaq. Düzdür, bəzi məqamlarda alınmır. Oyundan-oyuna daha yaxşı olacağıq”.

E.Mahmudov ölkə çempionatında “Kəpəz”, daha sonra Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubuna qarşı matçların çətin keçəcəyini vurğulayıb:

“İstəyərdim ki, “Kəpəz”lə oyunumuz evdə olsun. Çünki biz Azərbaycan üçün oynayırıq. “Beşiktaş”la oyun bir az çətin olacaq. Səfərə getmək, qayıtmaq var. Peşəkar Futbol Liqası istəmirsə, problem yoxdur, gedib Gəncədə oynayarıq. “Beşiktaş”ı fikirləşib “Kəpəz”lə oyunu kənara qoya bilmərik. Gəncədə də qalib gəlməliyik. Çünki çempionatda xal qazanmaq vacibdir”.

Kapitan yeni transferlərin komandanın səviyyəsini yüksəldəcəyini əlavə edib:

“Biz də yeni oyunçuları gözləyirik. Nə qədər yaxşı futbolçular gələrsə, sevinərik. Onlar gələndən sonra komandamızın səviyyəsi qalxacaq. Daha yaxşı olmaq istəyirik”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir